Zülqədərov Allahyar bəy Məmmədəli bəy oğlu Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Xılxına kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Qafqaz canişini Vorontsovun yaxın adamlarından biri idi(4). İctimai-mədəni işlərdə fəallıq edən Allahyar bəy Zülqədərli İsmayıl bəy Qaspıralının tanıdığı və şəxsən tanış olduğu ilk azərbaycanlı kimi tarixə düşmüşdü. İsmayıl bəy Qaspralının yurdumuzla, insanımızla ilk əyani tanışlığı 1882-ci ildə Volqaboyu türklərinin mərkəzi Qazanda olmuşdu. Həmin dövrdə artıq dünyanın Moskva, Paris kimi böyük mədəni-siyasi məktəblərində həyat universitetləri keçmişdi. Krım tatarlarının az qala Məkkə, Qüds saydıqları Bağçasarayın şəhər rəisi idi. Amma nisbətən gənc yaşlarında əldə etdiyi bu uğurları yetərli hesab etmirdi. Millətinə, türklüyə və insanlığa xidmətin daha faydalı, məqbul yollarını arayırdı. Yalnız Rusiya imperiyasında sayları 20 milyona yaxınlaşan, fərqli adlarla çağırılan, məzhəb və coğrafiya ilə biri-birindən aralı salınan türkləri dil, fikir və əməl ətrafında bir araya gətirmək istəyirdi. Yaxın coğrafiyadakı Qazan şəhərinə də bu məqsədlə üz tutmuşdu. Tatar ədəbiyyatı tarixçisi Cəmaləddin Vəlidovun xahişi ilə yazdığı tərcümeyi-halında həyatının həmin səhifəsini belə işıqlandırmışdı:
“1882-ci ildə Qazana səyahətim sırasında tatarlar üçün bir ədəbiyyat gecəsi düzənləmək istədim. Böyük zorluqlarla buna izin aldım. Şəhərin tatarlar yaşayan bölgəsinə afişlər yapışdırıldı, Voskresenk caddəsindəki birinci sinif bir otelin (Volqa-Kama oteli) böyük salonunu da kirələdim və salon çox sayda kreslolar və qonuşmaçılar üçün kürsü ilə də donatıldı (bəzədildi). Saat 9 oldu. Mən iki saat daha bəklədim (gözlədim). Oraya gələn isə toplam üç kişi idi. Onlar da qazanlı deyil, dışarıdan (kənardan) gəlmə idilər. Bunlardan biri kafkasiyalı Allahyar bəydi. Digər ikisi isə Orenburqda yayımlanacaq “Vaxt” qəzetəsinin gələcəkdəki naşirləri Şakir və Zakir Rameyev qardaşları idi. Təbii ki, ədəbiyyat gecəsi gerçəkləşmədi. Fəqət Qazanda təsadüfən rastlaşdığım bu səyyahlarla aramızda çox yararlı bir alış-veriş oldu. Müsafirlər ev sahibini ağırladılar (qonaq etdilər ), başarısız təşəbbüsünün bütün məsrəflərini ödədilər. Gecənin çox gec saatlarında ilk tatar ədəbiyyatı gecəsinin bu üç qatılımıcısı (iştirakçısı) vidalaşıb getdilər.
Burada adı çəkilən “kafkasiyalı Allahyar bəy” Azərbaycandan olan məşhur mülkədar, Yelizavetpol (Gəncə) quberniyasında min desyatinlərlə torpaq sahibi Allahyar bəy Zülqədərov idi. Qoqolun “köhnə dünya mülkədarlarından” deyildi. Yenilikçi ideyalarla, xalqın mənafeyinə yönəlik ictimai fəaliyyətlə yaxından maraqlanırdı. 1905-ci il inqilabından sonra Rusiyada baş verən dəyişikliklər zəminində Ə.Topçubaşovun rəhbərliyi altında Qafqaz canişini İ.İ.Voronsov-Daşkova Azərbaycan türklərinin istək və tələbləri ilə bağlı tələbnamə təqdim edən, müzakirələr aparan 9 millət xadimindən biri də o idi(1,s14).
Allahyar bəyin adı hər yerdə hörmətlə anılırdı. Amma belə bir hörmətli insanın özünün və ailəsinin başına gətirilənləri, vəhşilikləri eşidəndə insan heyrətə gəlir. 1918-ci ilin əvvəllərində aqrar hərakat adı altında Stepan Şaumyan və Həmid Sultanovun göstərişi əsasında qızışdırılmış müsəlman kəndlilər və müsəlman mülkədarlara qarşı zərbə vurmaq üçün imkan axtaran ermənilər mülkədarlara qarşı hərəkətə keçməyə başladılar. 1917-ci ilin dekabr ayının 24-26-da Qazax qəzasının Qovlar kəndində Müseyib Əliyevin evində gizli müşavirə keçirildi. Müşavirədə Şaumyan və H.Sultanovda iştirak edirdi. Müşavirə mülkədar torpaqlarını müsadirə edib kəndlilərə paylamağı, yoxsul kəndlilərdən ibarət silahlı dəstələr təşkil etməyi və bu dəstələrə qırmızı partizan adının verilməsini və 1918-ci il yanvar ayının 6-da üsyan qaldırmağı qərara aldı. Qırmızı partizan dəstələrinin silahla təchiz edilməsini M.Əliyevə tapşırdı. Silahlar S.Şaumyan və H.Sultanovun vasitəsi ilə Tiflisdən gətirilməli idi(6, s32-33). 1918-ci il yanvarın 3-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndlilərinin mülkədar Qarabəyovlar əleyhinə üsyanı qalxdı. Üsyan getdikcə genişlənərək Gəncə qəzasının 4-cü nahiyəsinə daxil olan Xılxına, Alakol, Qovlarsarı, İrmaşlı və başqa kəndləri əhatə etdi. Üsyan hərəkatında 500-dən artıq kəndli iştirak edirdi(2, s34).
Həmin hadisələr zamanı Zülqədərli ailəsi böyük zərbələr aldı və ailənin böyük bir hissəsi Allahyar bəy başda olmaqla şəhid edildi. 1918-ci ilin 23 yanvar tarixində “Hümmət” qəzeti 25-ci nömrəsində bu sözlər qeyd edilmişdi :
Yelizavetpol qəzası komissarının Yelizavetpol məhəlli məhkəməsinin protokoluna üyançı kəndlilərin Qazax qəzası mülkədarlarına divan tutmaları haqqında məlumatı :
21 yanvar 1918-ci il.
Xəbər verirəm ki, yanvarın 5-dən 6-na keçən gecə mənə həvalə olunmuş qəzanın 4 hissəsində, Qovlarasarı, Xılxıl, Yuxarı Ayıblı və başqa kəndlərin kəndliləri tərəfindən mülkədar Zülqədərov ailəsinin 21 və Qarabəyovlar ailəsinin 4 üzvü öz malikanələrində qətlə yetirilmişdi.
Aşağıdakı şəxlər qətlə yetirilmişdi :
1. Allayar bəy Zülqədərov, həyat yoldaşı Seyidnisə xanım, oğlu Məmməd, qızları Dilarə, Şahbanu.
2. Həmid bəy Zülqədərov, həyat yoldaşı Güllü xanım, qızları Dilgüşə, Əmiş, Kozanna, Maşa və iki yaşlı Cəmilə.
3. Mehralı bəy Zülqədərov, oğlu Sarı bəy və qızı Telli.
4. Hüseyn bəy Zülqədərov, oğulları Məmmədrza bəy, İsmayıl bəy, Şərif bəy, Xəlil bəy.
5. Həsən bəy Zülqədərovun ailəsindən təkcə özü.
6. Süleyman bəy Zülqədərovun ailəsindən təkcə özü.
7. Böyük Ağa Qarabəyov, oğlu Həmid bəy, Cəbrayıl bəy və adı məlum olmayan kiçik yaşlı bir qız.
Bundan başqa Yelizavetpolda gizlənən Zülqədərov və Qarabəyov ailə üzvülərindən çoxlu yaralılar vardır. Hamılıqla döyülməkdən xilas olanların məlumatına görə qırğının əsas səbəbkarları Xılxına kənd sakini Məhəmmədəli Hacı, Əhməd oğlu Hacı, Həsənov və onun qardaşları, həmin kəndin sakinləri Məmmədqasım Əliyev, Məşədi Qədim, Yuxarı Ayıblı kənd sakini Kərbəlayi Əsgər, Məşədi Mahmud Əliyev Zülqədərli ailəsinin qətlində Xılxına, Ələkəl, Yuxarı Ayıblı, Qovlarasarı kəndlərindən 500 nəfərdən artıq adam iştirak etmişdi.
Xilas Olmuş Zülqədərov ailəsinin üzvülərindən bəziləri indi Yelizavetpol şəhərində Böyük bəy Əsgərbəyovun, Mikayıl bəy və İsrafil bəyin evlərindədir.
Bu parlaq məşhur hadisə haqqında təqdim edilmiş məlumatı dərhal çatdırmaq imkanım olmamışdır. Belə ki, 4 ərazidə komissar yoxdur və heç kim buna razılıq vermir(5, s58).
Bu işlərdə ermənilərdə fəallıq göstərmişdi. S.Şaumyan bu hadisə ilə bağlı yazır:
Mən Gəncə və Qazaxda kəndli hərakatına şahid oldum. Kəndlilər Zülqədərovların saraylarını yandırmış, torpaqlarını əllərinə aldıqlarını gördüm. Mən burada erməni kəndlisi ilə müsəlman müsəlman kəndlisi arasında möhkəm bir ittifaq olduğunu müşahidə etdim. Bunlar bir-biri ilə dostcasına əlaqədə idilər(6, s 37).
Bu faktın özü göstərir ki, S.Şaumyanın rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hərakat aqrar hərakatdan çox, qisas hərakatına oxşayırdı. Azərbaycanın milli burjaziyasını, mülkədarları məhv etməyə hədəflənmişdi.
Həmin hadisənin qanlı mahiyyətini mühacirətdə yaşamış Hüseyn Bayqara “Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabında yazır :
Allahyar bəyin arvadı(Seyidnisə xanım, C.N) Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdır. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır (Bu hadisəni 1925-ci ildə Bakıda ÇK-da həbsdə olduğum zaman mənimlə birlikdə həbsdə olan, ölüm kamerasında yatan şamxorlu gənc, igid Diliboz oğlundan eşitmişdim. Partizan hərəkatının başçısı olan bu qəhrəman, gənc olmasına baxmayaraq ertəsi gün güllələndi)(3).
Mənbə:
1. Vilayət Quliyev - “Tərcümanın Azərbaycan səhifələri” 525-ci qəzet, 2014-cü il 13 sentyabr, səhvə:14.
2. Ə.C.Rəhimov “1920-ci ildə Azərbaycanda mülkədar torpaq sahibliyinin ləğvi”, Bakı, 1962.
3. Hüseyn Bayqara “ Azərbaycan istiqlal mücadiləsi tarixi”, Bakı, 1993.
4. Ənvər Çingizoğlu “ Zülqədərovlar”, Soy dərgisi 7 (63), 2012, s.15-27
5. Ramiz Məsimoğlu –“ Allahyar bəy Zülqədərov”, Gəncə, 2008.
6. Teymur Miralyev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963



