1919-cu il Azərbaycan Cümhuriyyəti Parlamentinin 10-cu iclasında İttihad fraksiyası lideri Qarabəy Qarabəyov çıxışında Azərbaycan Cümhuriyyətinin polisinin fəaliyyətini tənqid edərkən bunları qeyd edir:
"Qazax mahalında da əhali arasında
Fitnə-fəsad vardır. Əhali dəstə-dəstə olmuşdur. Bunları da dəstəyə ayıran yenə
hökumət məmurlarıdır. Əlbəttə, bu
adamlar dəstə düzəltməlidirlər, çünki
bilirlər ki, bir vaxt bu işlərin üstü açılacaqdır. Onda dəstə lazımdır ki, onları
müdafiə eyləsin, nümayəndələr göndərsinlər ki, filankəs yaxşı adamdır, biz
onu istəyiriz. Bu işlər ola-ola hökumət bu
məmurları yenə öz yerində saxlayır.
Gəncə polisinə gəldikdə, bunlar hakəza
[elǝcǝ; onun kimi] qaçaq quldurlara
istinad edirlər. Məsələn məmurlar Qaçaq
Qəmbər, Qaçaq Ələkbər və sairələrlə
əlbir olmuşlardır. Görünür ki, Gəncə
polis məmurları quldur-qaçaqsız yaşayammırlar.
Öz polisimiz göz qabağındadır.
Gecələr parta-part, soyğuntu və oğurluq
kəsilməyir. Polismeysteri yerində görmək
olmayır. Bütün bu əhvalatı görür,
eşidərkən nazir əfəndilərin məsələni ehtimal ilə keçməklərini qəbul edə bilməriz.
Biz əhali tərəfindən vəkiliz, görürüz
ki, hökumət işləmir. Ona görə, necə ki,
qabaqda da hökumətə etimad etməmişdik,
şimdi iki ay təcrübədən sonra yenə
etimadımızı vermiriz"(1, səh 120)
Nitqdə adı keçən Sarı Ələkbər və Qaçaq Qənbər Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzetinin 9 fevral 1919-cu il 109-cı sayında Qarabəyovun bu nitqini oxuyurlar və Azərbaycan qəzetinin redaksiyasına məktub göndərirlər və redaksiyadan həmin məktubları çap etməyi xaiş edirlər. Azərbaycan qəzeti redaksiyası 1919-cu il 18 fevral 116-cı sayında Qarabəyova cavab məktublarını çap edirlər. Həmin məktublarda qeyd olunur:
İDARƏYƏ MƏKTUBLAR
Doktor Qarabəyova cavab
Möhtərəm müdir əfəndi!
Mübarək qəzetənizin sütununda bu
yazdıqlarıma bir yer versəniz, xeyli minnətdar olaram.
Qəzetənizdə oxuduğuma görə Parlamanımız
əzalarından [üzvlǝrindǝn] doktor
Qara bəy cənabları hökuməti tənqid
edərkən, bəndəni də quldur deyə adlandırmışdır.
Bu töhməti üzərimdən rədd
etmək üçün tərcümeyi-həyatım xüsusunda
bir məlumat ərz etmək istərəm.
1913-cü ildə Nikolay hökuməti, düşmənlərimin
tərəfindən verilən danoslara
istinadən məni Gəncədən beş il müddətlə
nəfy [sürgün] etməyə, İrana göndərməyə
qərar verdi. İki ay sonra işim təhqiq
edildikdə Qafqaz canişini məni günahsız
bildiyindən əfv etdi. Həman tarixdən
etibarən mən hökumətin Yevlax ilə
Tovuz arasında bulunan əsgəri mənzil
müfəttişliyinə arpa və ot verirdim. Bu
təəhhüddə [öhdǝlikdǝ] mənim yoldaşım
Abbas bəy Vəlibəyov idi.
Hürriyyətdən sonra Gəncə və həvalisi
[ǝtrafı] anarxiya tufanı içində ikən millətim
mənə müraciət etdi. Öhdəmə şəhərin
mühafizəsi kimi ağır bir vəzifəni tövdi
etdi [tapşırdı]. Hər kəs ticarətə və maddi
mənfəətə məşğul olduqda mən bütün
xüsusi mənfəətlərimi buraxıb inqilabın
sonuna qədər vəzifəmi hüsn-istemal etdiyimə
[yaxşı yerinǝ yetirdiyimǝ] minlərcə
doğru şahidlərim vardır.
Fəqət doktor cənablarının fəaliyyəti
haqqında da “Ədil” kimi millət lisanı olan
qəzetələrdə bizə az-çox məlumat verilmişdir.
Millətimiz, həmd olsun, hər şeyi iyi görür
və təqdir edir və kimin kim olduğunu
da pək əla bilir.
Sarı İmamqulu oğlu Ələkbər
- II -
Hörmətli müdir əfəndi!
Mübarək cəridənizin [qəzetinizin] bir
sütununda yer vermək üçün bu sətirləri
sizə göndərdim. Dərc edərsəniz təşəkkür
edərǝm.
Bu günlərdə Parlaman əzasından doktor
Qarabəyov cənabları iclasda məni
quldur deyə qələmə vermişdir. Mən rus
hökuməti vaxtında Nikolay qulluqçuları-
nın zülmündən qaçmışdım. Ona görə mənə
Qaçaq Qənbər deyilir.
Qaçaq olmaqla bərabər, mən heç bir
vaxt öz millətimə və dindaşıma fənalıq
eyləmədim və hürriyyətdən sonra mən
kimsədən qaçmadım. Yenə gəlib millətimlə
yaşadım və əlimdən gəldiyi qədər
millətimə müavinət [köməklik] eylədim.
Gəncə vilayəti anarxiya tufanı içərisində
yandığı vaxt millətim məni şəhərin
və dəmiryolun ətrafının mühafizəsinə
məmur etdi. O gündən etibarən millətimin
sadiq bir qulu olmaqdan başqa bir
şey tanımadım. Quldur olsaydım, o vaxtlarda mənim qüvvətli dəstəm heç bir şeydən qorxmadığı günlərdə mən də quldurluğuma məşğul olardım. Zəyəm ilə
Yevlax arasında bir çox erməni və müsəlman pambıq fabrikaları vardır. O cümlədən Gəncə ermənilərindən Arzumanovun pambıq zavodu vardır ki, mən onun bir neçə milyona baliğ olan [çatan] malınısaxladım, sahibinə təslim etdim. Bunu hamı bilir.
Dəfələrlə öz dəstəmlə bərabər bolşeviklərə
qarşı çıxıb cəbhədə bir neçə qurbanlar
verdim.
Bunların hamısını mən millətimin səadəti
üçün etdim. Amma Qara bəy cənablarının
bu işləri nə üçün etmiş olduğuna
ağlımız erməyir [dǝrk etmirik].
Doktor cənabları bilmiş olsunlar ki,
mən həqiqətən quldur olsam da, millətimin
düşmənlərinə qarşı quldur olmuşam.
Heç bir vaxt millətə fənalıq etməmişəm.
Biləks [əksinə] vətən və millətimə qarşı
dərin bir məhəbbətim vardır.
Tağı oğlu Qənbər ( 1, səh: 258-259).
Qarabəy Qarabəyova Azərbaycan qəzeti səhifələrində cavab yazan şəxslər Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Gəncə şəhər Polismeyisterliyinin əməkdaşları Sarı Ələkbər İmamqulu oğlu və Qaçaq Qənbər Tağı oğlu Bəhmənlidir. Onlar hər ikisi Gəncənin və milli mücadilə tariximizin önəmli simalarıdır. Sarı Ələkbər İmamqulu oğlu Gəncənin Bağmanlar qəsəbəsi Xəlifəli məhəlləsi Sarı Məmmədlilər nəslindəndir(2). Tanınmış tacir olub. Gəncədə milli işlərdə aktiv şəkildə çalışmış Sarı Ələkbər Difainin fəallarından olmaqla 1917-ci il fevral inqilabından sonra dahada əzmlə çalışmışdır. Gəncə Milli Komitəsinin fəaliyyətində yer alaraq Gəncə şəhərinin təhlükəsizliyindən məsul şəxs idi. Bu səbəbdən istiqlaliyyətimiz elan edildikdən sonra Azərbaycan Cümhuriyyəti Daxili İşlər orqanlarında yer almış və fəaliyyətini burada davam etdirmişdir. 1920-ci Sovet Rusiyasının Azərbaycanı işğalından sonra bu işğala qarşı mövqey ifadə edənlərdən biri Sarı Ələkbər idi. Bu səbəbdən 1920-ci ilin may ayının sonlarına yaxın Gəncədə başlayan üsyanın xalq qüvvələrinin aktiv liderlərindən biri o idi. Üsyan amansızlıqla yatırıldıqdan sonra Sarı Ələkbər Türkiyə mühacirət edir və ömrünü orada başa vurur. Son vəsiyyəti Azərbaycan azad olduqdan sonra nəşini doğulduğu Gəncəyə aparılaraq dəfn edilməsi olub. Çox təəssüf ki, hələdə bu vəsiyyət gerçəyə çevrilə bilməyib.
Qaçaq Qənbər Tağı oğlu Bəhmənlidə Sarı Ələkbərlə birlikdə eyni yolu keçib və onun olduğu hər önəmli məqamda onunda adına rast gəlirik. 1920-ci Gəncə üsyanında döyüşlərin birində Qaçaq Qənbər şəhid olur. Şəfər tariximizin qanlarla yazılmış önəmli səhifələrindən birində onunda unudulmaz adı var.
1. ADA tərəfindən çap edilmiş Azərbaycan qəzetinin tam külliyyatının 5-ci cildi,
TRANSLİTERASİYA EDƏNLƏR :
Mehdi Genceli - Filologiya üzrə fəlsəfə doktoru,
Azad Ağaoğlu - Filoloq, tərcüməçi
2. Tədqiqatçı Elçin Əsgərsoyun topladığı məlumatlardan
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru
Bu günə qədər Azərbaycanda bir çox siyasi qətllər həyata keçirilib. Maraqlısı budur ki, həmin qətlləri həyata keçirənlər, sifarişçiləri bu günə qədər qaranlıq qalmaqda davam edir. Xüsusi olaraq idealist, prinsiplərinə sadiq, öz mübarizəsindən və yolundan dönməz adamları sadəcə bir vasitə ilə dayandıra biliblər. Bu vasitə həmin adamları fiziki olaraq aradan götürmək olub. Bu siyasi qətllərdən biri 1990-cı il sentyabr ayının 25-dən 26-na keçən gecə Bakıda öz yaşadığı ünvanda amansızcasına qətlə yetirilmiş Arif Abdullayevə qarşı həyata keçirilmiş sui-qəsd hadisəsi idi. Arif Mustafa oğlu Abdullayev 1953-cü il mart ayının 5-də Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Cavanşir, Sücəddin, Tofiq və Arif.
Araşdırmalarımız əsnasında məlum oldu ki, qardaşlar demək olar ki, hər biri çox istedadlı və öz işlərində bacarıqlı olublar.
Arif Abdullayev Ədliyyə orqanlarında çalışırdı. Çalışdığı işlə əlaqədar bir çox önəmli xüsusiyyətləri özündə toplamışdı. İnsanları tanıma bacarığı, ünsiyyət qurmaq, məlumat əldə etmək, əldə edilmiş informasiyanı ciddi şəkildə təhlil və analiz etmək, yüksək dərəcədə təşkilatçılıq bacarığı. Özündə topladığı bu bacarıqlar onun həyatının ən əlamətdar və diqqət çəkən məqamında onun köməyinə gəlmişdi. 1988-ci ildə Azərbaycanda Xalq Hərəkatı başlayarkən Arif Abdullayevdə onun sıralarına qoşulmuşdu. 1989-cu ilin iyul ayında Azərbaycan Xalq Cəbhəsi təsis edilərkən Arif Abdullayev həmin təşkilatın Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Arif Abdullayevin xalq hərakatına
qoşulması və bu vəzifəyə gətirilməsinin təfsilatı haqqında geniş məlumat əldə edə bilməsəkdə ehtimal edə bilərik ki, Arif Abdullayevin fitri istedadı, Bakı və Bakı ətrafı kəndlərdə qazandığı hörmət, münasibət çevrəsi, həmçinin bununla yanaşı qardaşının əhatəsi, həmçinin AXC lideri Əbülfəz Elçibəylə xüsusi münasibətləri rol oynamışdır. Çox təəssüf ki, Əbülfəz Elçibəylə münasibətlərinin haradan başladığı, bu qədər güvən və etimad məqamına qədər gəlib çıxması haqqında əsaslı məlumat əldə edə bilmədim. Onların hər ikisinin bu gün həyatda olmaması bunu qeyri-mümkün edir. Bununla yanaşı Əbülfəz Elçibəyində yazılarında bu münasibətlərin başlanğıcı və haradan qaynaqlandığı haqqında məlumatlara rast gəlməmişəm. Sadəcə Arif Abdullayevlə münasibətləri olmuş keçmiş Milli Qvardiya əməkdaşı Əzizağa Süleymanovun sosial şəbəkədəki "Milli Qvardiyanın yaranma tarixi" başlıqlı yazısından özümüzdə müyyən təsəvvür yarada bilərik. O öz yazısında qeyd edir:
Bir gün iş yoldaşım Yusif Azayevlə bərabər Arif Abdullayevin Nizami rayonunda 8-ci kilometr deyilən ərazidə kirayə yaşadığı mənzilinə getmişdik. Arif Abdullayev bizi kirayə yaşadığı mənzilinə dəvət etmişdi. Yusif Azayev işi olduğu üçün bizimlə xudafizləşib çıxıb getmişdi. Arif Abdulayevlə bərabər onun yaşadığı mənzilə daxil olanda gözlərimə inanmamışdım, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy Arif Abdullayevin mənzilində masa arxasında oturub kitab oxuyurdu. Elçibəyi otaqda görəndə qapının ağzındaca donub qalmışdım. Qapının kəndarında durduğumu görən Əbülfəz Elçibəy stuldan ayağa durub bizə yaxınlaşmışdı. Arif Abdullayev məni Əbülfəz Elçibəyə təqdim edərək bəyə söyləmişdi ki, Dağlıq Qarabağ bölgəsinə göndərdiyimiz silah, sursatların əldə olunmasında Əzizağa Süleymanovun böyük köməkliyi var. Xalqını sevən bir gəncdir, ona görə də sizinlə tanış etməyə cürət etdim. Əbülfəz Elçibəy belə insanla tanış olmağa dəyər deyib mənimlə əl verib görüşmüşdü. İlk tanışlıqdan Əbülfəz Elçibəyin nurani görünüşü çox xoşuma gəlmişdi. Söhbət zamanı Əbülfəz bəy hərbçi olduğumu biləndə təhsilimlə maraqlanmışdı. Bəyə hərbi təhsilimlə bərabər ali təhsilli tarixçi olduğumu söylədikdə çox sevinmişdi. Əbülfəz bəylə ilk görüşdən sonra da Arif Abdullayevin kirayə qaldığı mənzilində tez-tez görüşüb söhbət edirdik. Bəylə süfrə arxasında bir tikə çörək kəsərək dərin mənalı və məzmunlu dövlətçilik və türkçülük barəsində söylədikləri fikirlərə qulaq asmaq mənə qismət olmuşdu. Hər dəfə Əbülfəz Elçibəyin ziyarətinə gəlib, onunla görüşdükdən sonra bəyin necə dahi insan olduğunu hiss edir, ondan ayrılmaq istəmirdim. Mən indi başa düşürdüm ki, Arif Abdullayev çiyinlərindəki paqonlarında zabit rütbəsi gəzdirdiyi halda, hansı səbəbdən cəbhəçi olub, bu təşkilata qoşulub. Bəli Əbülfəz Elçibəylə bu qədər yaxın ünsiyyətdə olan hər bir insan Arif Abdullayevin tutduğu yolu tutmalı idi. Başqa yolu yox idi. Əbülfəz Elçibəy dərin biliyə malik yüksək intellektual səviyyəsi olan millətçi idi. Arif Abdullayev Azərbaycan Respublikasının müstəqilliyinin mənbəyini Əbülfəz Elçibəyin simasında görüb, müstəqilliyin mənbəyindən mənsəbinə doğru irəliləyən bir şəxs idi.
1989-cu il tarixdə vəziyyət elə gətirmişdi ki, hərbi xidmətimlə əlaqədar olaraq məni Bakıda yerləşən daxili qoşunların hərbi bölüklərin birinə yeni vəzifəyə təyin etmişdilər. Əvvəllər olduğu kimi Arif Abdullayevlə mütəmada əlaqə saxlasam da həmişəki qaydada ona silah sursatının əldə olunmasında bir o qədər yaxından kömək edə bilmirdim. Lakin keçmiş iş yoldaşım Mustafa Babayevin vasitəsi ilə Arif Abdullayevə əlimdən gələn köməkliyi edirdim. Biz Arif Abdullayevlə bundan sonra ayrı-ayrı islah əmək müəssisəsi təşkilatlarda xidmət etsək də Bakının mərkəzindəki Azadlıq meydanında xalq cəbhəsi təşkilatı tərəfindən təşkil edilmiş mitinqlərdə tez-tez görüşürdük. Xalq cəbhəsi təşkilatı getdikcə Azərbaycan Respublikası daxilində artıq güclü siyasi təşkilat olaraq real qüvvəyə çevrilmişdi. Respublikaya rəhbərlik edən şəxslər günbəgün artan Azərbaycan Xalq Cəbhəsi təşkilatının xalqa söykənən güclü təzyiqi nəticəsində Xalq Cəbhəsi təşkilatı ilə müəyyən hallarda hesablaşmaq məcburiyyətində qalırdı. Hətta bu təşkilata Nərimanov rayonunun İndiki Atatürk prospektində (keçmiş Çapayev küçəsində) yerləşən iki mərtəbəli inzibati binasında yer də vermişdilər. Hərdən Xalq Cəbhəsi təşkilatının qərargahına gəlib Arif Abdulayyevlə iş otağında görüşürdüm. Arif Abdullayev Daxili İşlər Nazirliyinin əməkdaşı kimi bu orqanının tərkibində yerləşən islah əmək müəssisəsinin birində əməliyyat müvəkkili vəzifəsində işləməklə bərabər həm də Xalq Cəbhəsi Təşkilatında təşkilat şöbəsinin müdiri vəzifəsində çalışırdı. O güclü iş bacarığı ilə cəbhəçilər arasında fərqlənirdi. Xalq Cəbhəsi Təşkilatının təşəbüsü ilə şəhərdə təşkil edilən mitinqlərin təşkil edilməsində onun müstəsna rolu var idi. Çox güclü təşkilatçılıq qabiliyyətinə malik olan bu insan gecə-gündüz çalışır, yorulmaq bilmirdi. Əzizağa Süleymanovun bu qeydlərindən anlamaq olar ki, Arif Abdullayevin fəaliyyəti nədən ibarət olub. Arif Abdullayevin Azərbaycan Xalq Cəbhəsi
Təşkilat Şöbəsində müdir çalışdığı zaman onunla sıx təmasda olan bir sıra insanlardan məlumat almağa çalışdıq. İlk öncə Arif bəyin böyük dəyər verdiyi Ellada Məmmədlidən Arif bəy haqqında yaddaşında qalanları bizə danışmasını söylədim. Ellada xanım yaddaşında qalanları yazaraq bizə bildirdi:
Arif bəylə ilk dəfə 1989-cu ildə Xəqani 33- də tanış olmuşdum. Tanışlığımızın səbəbkarı Vurğun Əyyub idi. İlk görünüşdən uca qamətli insanın milli dəyərlərə üstünlük verməsi , dolğun analitik qabiliyyətli və ünsiyyətdə olduğu şəxsi sanki tamamilə oxuyurmuş kimi iti baxışları var idi . AXC-də tutduğumuz ictimai vəzifədən dolayı , biz onunla tez-tez görüşməli olurduq. Mən AXC-nin 26-lar indiki Səbayıl r-nu İdarə Heyətinin üzvü kimi o, isə AXC Təşkilat şöbəsinin müdiri kimi.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra AXCnin Zivər Əhmədbəyov küçəsində yerləşən qərargahında hər gün iş vaxtından sonra gördüyümüz işlər haqqında fikir mübadiləsi aparırdıq. Sözarası , mənə təşkilat şöbəsində işləməyi təklif edirdi. Deyirdi, gəl sənə bütün işləri təhvil verim , özüm digər işlərlə məşğul olum. Sənin kimi köməkçiyə böyük ehtiyac var qərargahda . Həmin vaxtlar , Bakı şəhər sovetində işləyirdim, birdəfəlik qərarlaşa bilmirdim. 1990-cı il 30 sentyabrda Ali Sovetə seçkilər keçiriləcəkdi , bununla bağlı AXC Ali Məclisinin qərarı ilə bütün rayon təşkilatları seçkiyə hazırlaşırdı. AXC qərargahında qaynar həyat var idi. Hər kəs sənədlərin təsdiqi və əlavə məlumat əldə etmək üçün təşkilat şöbəsinə müraciət edirdi. Böyük enerji potensialına malik olan Arif bəy bütün bunların öhdəsindən məharətlə gəlir , eyni zamanda qərargahın abadlaşdırılmasına ( rus qoşunları 20 yanvar hadisələrində qərargahı darmadağın etmişdilər, bütün otaqların şüşələri, qapıları sındırılmış, sanki bir xarabalıq yaratmışdılar) , səliqəsinə xüsusi diqqət yetirirdi. Şəxsi tanıdıqlarının vasitəsilə evlərdən , çayxanalardan stullar əldə edirdi. AXC İdarə Heyətinin bir çox üzvlərinin mühafizəsini də təşkil edirdi . Sərt-iti baxışlı Arif bəyin böyük ürəyi var idi. Demək olar ki, o, millət fədaisi idi, tezliklə vətəninin rus imperiyasından azad olmasını istəyirdi və bu yolda boynuna hansı yük düşürdüsə , onu məharətlə icra edirdi.
Seçki ərəfəsində çoxlu şantaj xarakterli xəbərlər gəlirdi , Qardaşlıq, Bakılı cəmiyyətlərilə yanaşı iqtidarın digər qoçu təfəkkürlü şəxslərindən . Bütün bunlara baxmayaraq, AXC yerlərdə seçkiyə ciddi hazırlıq işləri görürdü, mövcud iqtidarın bütün baryerlərini konstitusiyaya müvafiq aşırdı. Sentyabr ayı yaxınlaşdıqca, yerli sovetliklər tərəfindən əngəllər törədilirdi. Məsələn, Səbayıl rayonunda 9-cu dairə ilə 10-cu dairənin ərazi dislokasını dəyişməyə başladılar. Dislokasiyanın əvvəlki vəziyyətinə qaytarılması üçün 1 həftədən çox vaxtımı Ali Sovetin məsul şəxsləri ilə mübahisəyə sərf etmişdim. Nəhayət , Seçki Komissiyasının sədri Əli Kərim oğlu Həbibovun qəbuluna düşəndən sonra bu məsələ həllini tapmışdı .
Bu kimi lüzumsuz işlərlə yerli orqanlar seçkinin son günlərində AXC üzvlərini yorurdu və belə işlərin öhdəsindən gəlməkdə Arif Abdullayevin məsləhətləri yardım edirdi. Arif bəy xüsusi istedadlı insan idi . Bəzən deyirlər, əvəzedilməz şəxs yoxdur. Bu ifadə düzgün deyildir . İllər ötdükcə hiss edirsən ki, Əbülfəz Elçibəyin, Vurğun Əyyubun o cümlədən Arif Abdullayevin yerini heç kim verə bilmir. Çünki onlar əvəzedilməz şəxslər idi.
Onlardan öyrənməli çox şeylər var idi. Çox təəsüf ki, zalım düşmən əli Arif Abdullayevi seçkiyə 4 gün qalmış qətlə yetirdi , AXC üzvlərinə sarsıdıcı zərbə vurdu.
Sonra AXC Təşkilat Şöbəsinin o zamankı üzvü İlqar Verdiyevlə əlaqə yaratdım. İlqar Verdiyev onunla çox yaxın münasibətdə olduğunu bildirir. Davamlı olaraq təşkilati işlərlə bağlı ünsiyyətdə olurduq və bildiklərini bizə aşılmağa çalır, istiqamətləndirirdi. AXC yarananda İdarə Heyəti var idi, amm ciddi təşkilatı sturuktur mövcud deyildi. Bu işləri Arif bəy qurmağa başladı. 20 yanvardan sonra AXC-də nəzarət artırıldı, giriş-çıxış yoxlamaları ciddiləşdirildi, təşkilatlanma işi gücləndirildi. Bu fəaliyyət isə narahatlıq yaratmaya bilməzdi. İlqar Verdiyev Arif Abdullayevin qətlə yetirilməsindən sonra onu evinə gedib, ilk görən şəxsdir. İlqar bəy qeyd edir ki, qərargaha gəldim, Arif bəyi axtardım qərargahda yox idi. Sənədə möhür vurmaq lazım idi, birbaşa onun 8-ci kilometrdəki mənzilinə getdim və gördüyüm mənzərə məni dəhşətə gətirdi. Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında "Qətl necə həyata keçirilib" başlıqlı yazıda qeyd olunur ki, Arif bəy sentyabr ayının 25-də axşam saat 21-də AXC qərargahından çıxıb Səkkizinci Kilometr qəsəbəsindəki yerləşən evinə gedib. Bir gün işdə olmamışdır(26 sentyabr günü). Sentyabrın 27-də AXC Təşkilat şöbəsinin üzvü İlqar Verdiyev onun yaşadığı evə getmişdir. Arifin öldürüldüyünü görüb, AXC qərargahına, milisə zəng edib.
İ. Verdiyev:
Mən Arifin mənzilinə çatanda onun qapısını açıq gördüm. Əvvəlcə onu səslədim. Səs gəlmədi. İçəri keçəndə dəhşətli mənzərə ilə qarşılaşdım: Arifi öldürmüşdülər... Mən AXC qərargahına, milisə və təcili yardıma zəng etdim. Bir azdan Bakı şəhər Məhkəmə eksperti gəldi. İlk yoxlamadan aydın oldu ki, Arifin sağ gözünün altından güllə ilə vurublar. Bədəninin döş və kürək nahiyələrindən 10 bıçaq yarası var idi. Hadisənin 26-da baş verdiyi güman olunur(Azadlıq səh 4). İlqar bəy qeyd edir ki, AXC qərargahına, İsa Qəmbərə zəng etdim, o qətl hadisəsi baş verən yerə gəldi. İsa Qəmbər gördüyü mənzərədən dəhşətə gəldi və Arif bəyin nəşinin yanında əyildi. İlk dəfə idi İsa Qəmbərin gözündən yaş gəldiyini görürdüm.
Ədalət Tahirzadə "Meydan: 4 il 4 ay" kitabında qeyd edir ki, eşitdik ki, AXC Təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz evində öldürülüb. Canilərin kimliyi bilinmir. Əslən Gədəbəy rayonundan olan Arif bəy milis işçisi idi və yoldaşlarımızın deməsinə görə Cəbhəyə şübhəli adamların soxulmasının qarşısını qətiyyətlə alırdı.
İlk baxışda kobud, qaraqaqab adam təsiri bağışlasa da əslində çox mehriban adam idi. İşə ilk vaxtlar başladığı zaman aramızda anlaşmazlıqda olmuşdu. Ancaq tezliklə dil tapdıq. Bir neçə gün qabaq o, Aydın Məmmədov və mən redaksiyamızla stadion arasındakı bağda - çayxanada oturub söhbətləşirdik. Gördüm ki, çox məlumatlı adamdır. Əsasən Azərbaycandakı etnik problemlərdən danışırdıq. Arif bəy indiki hakimiyyətin antitürk siyasət yeritməsinin başlıca səbəbini onun həlledici pillə kadrlarının kökcə qeyri-türk( iranmənşəli) olmalarında ( pasportlarında azərbaycanlı termini altında gizlənərək) görürdü.
Redaksiyada və Cəbhədə gedən söhbətlərdə Arif bəyin qətli iki cür yozulur:
1. Cəbhəyə soxulmaq və burada nüfuz dairəsi yaratmaq istəyən yaramaz adamların onu aradan götürməsi
2. 8 sentyabrda Azadlıqda çıxmış "qoçulara ehtiyac qalmadı" yazısına görə "qoçuların" ondan qisas alması. Mən birinciyə daha çox inanıram, çünki onun prinsipiallığının bəzi adamları necə narahat etməsini duyurdum. Olduqca ürəkgöynədən itkidir. Ölməli oğul deyildi...(səh 156-157).
Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında Arif Abdullayevin qətli ilə bağlı AXC İdarə Heyətinin bəyanatı yayımlanıb. Bəyanatda qeyd olunur ki - "AXC İdarə Heyəti belə hesab edir ki, Arif bəyə qarşı bu qəsd siyasi terror aktı olub son dövrdə müxtəlif qüvvələrin AXC-yə qarşı apardığı şantaj, təzyiq və təqibin tərkib hissəsidir. Arif bəyin AXC rəhbərliyi birliyinin möhkəmləndirilməsində, AXC sıralarının şübhəli, başıpozuq ünsürlərdən təmizlənməsində, AXC liderlərinin mühafizəsində oynadığı rol, xüsusilə "Azadlıq qəzetində son çıxışları Azərbaycan Xalq hərakatı düşmənlərini quduzlaşdırmışdı. Arif Abdullayevə qarşı cinayət Azərbaycanda vətəndaş sülhünə qarşı cinayətdir. AXC rəhbərliyi ictimaiyyətə dəfələrlə izah etmişdir ki, ünvanı hamımıza yaxşı bəlli olan düşmənlərimizin bizim üçün hazırladığı fəlakət ssenarisində siyasi mübarizəni terror formasına çevirmək və beləliklə Azərbaycanı Livana döndərmək niyyəti çox mühüm yer tutur. Bu mənfur niyyət baş tutsa xalqımızı hansı müsibətlərə düçar olacağı aydındır. AXC öz açıq və gizli əleyhdarlarını xəbərdar edir ki, terror yanğını başlasa bu alovda çoxları məhv olar, nəticədə isə hamı, eləcə də xalq məğlub olacaq !
AXC İdarə Heyəti AXC üzvülərini, xalq hərakatındakı bütün silahdaşlarımızı ruhdan düşməməyə, sıralarımızı daha sıx birləşdirməyə, mübarizəni daha qətiyyətlə və əzmlə davam etdirməyə çağırırıq.
Bütün cəbhəçiləri, xalqımızı əmin edirik ki, heç bir süi-qəsd bizi qorxudub vahiməyə sala, yolumuzdan döndərə bilməz !
4).
29 sentyabr 1990-cı il AXC qərargahında Arif Abdullayevlə vida görüşü keçirilir. Dərddən beli bir az əyilmiş Əbülfəz bəy ağır addımlarla söz alır və hüzünlü səsi eşidilir:
Arif özünü demokratik mübarizəyə həsr etmişdi. O, səadətini bu mübarizədə tapmışdı. Arifin bu sözlərini gənclərimizə çatdırmaq istəyirəm: Ağır gündə sınmamaq və əyilməmək. Qardaşı Cavanşirin məzarı başında mən də onu beləcə əyilməz gördüm. Cavanşir Əfqanıstanda aparılan haqsız müharibənin qurbanı oldu. Arif də qurbandır - Azadlığımız yolunda gedən mübarizənin qurbanı. Son iki ayda Arif aramızdan gedən üçüncü qurbandır. Şəhidlərimizin ruhu bizimlədir.
Azadlıq qəzetinin 11 oktyabr 1990-ci il tarixli sayında AXC sədri Əbülfəz Elçibəyin Azərbaycan SSR prokuroru İsmət Qayıbova müraciəti dərc edilmişdi. Müraciətdə qeyd olunur ki, meyidin ilk müayinəsindən məlum olmuşdur ki, zərərçəkənin bədəninə və baş nahiyəsinə kəsici-deşici və küt alətlərlə çox sayda zərbələr vurulmuşdur. Məlum ölüm işi üzrə tibbi, trassoloji və ballistik və b. ekspertizalar təyin edilməli və aparılmalıdır. Bundan başqa cinayətin siyasi motivlərlə əlaqəsi olub-olmadığı da diqqətlə araşdırılmalıdır. Hadisənin xarakteri və mürəkkəbliyi işin istintaqının ölüm işləri ilə üzrə yüksək peşə hazırlığı və iş təcrübəsi olan şəxslərə həvalə edilməsini tələb edirəm. Qeyd edilən mülahizələrə görə AXC İdarə Heyəti sizdən xaiş edir ki, mərhum Arif. M.Abdullayevin qətli ilə əlaqədar cinayət işinin istintaqının Nizami rayon prokurorluğunun icraatından alınıb rəhbərlik etdiyiniz respublika prokurorluğunun xüsusi istintaq qrupuna tapşırılmasına sərəncam verəsiniz( səh 6).
Azadlıq qəzetinin 7 noyabr 1990-cı il tarixli sayında Əbülfəz Elçibəyə Azərbaycan SSR Prokrorluğunun İstintaq İdarəsinin rəis müavini, Ədliyyə müşaviri A.Ə.Ağayevin cavab məktubu çap edilmişdi. Cavabda bildirilir ki, A.M.Abdullayevin qəsdən öldürülməsinə dair cinayət işi Nizami rayon prokurorluğunun icraatından götürülmüş, istintaqın aparılması Bakı şəhər prokurorluğunun baş müstəntiqi M.C.Cəfərova tapşırılmışdır. Həmin cinayət işinin istintaqı Azərbaycan SSR prokrorluğu tərəfindən nəzarətə götürülmüşdür( səh 5).
Çox təəssüf ki, istintaq Arif Abdullayevin qatillərini tapa bilmədi. Bu günə qədər Arif bəyin qatilləri qaranlıq olaraq qalmaqdadır. Arif bəyin qətli ilə bağlı cinayət işinin üstünün açılmaması Əbülfəz Elçibəyi ən çox narahat edən bir məsələ idi. İlqar Verdiyevin dediklərinə əsasən Əbülfəz Elçibəy hakimiyyətdə olduğu dönəm 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifəsi icra etmiş Çingiz Qənizadəyə bu işin ciddi şəkildə üzərinə düşməsini tapşırmışdı. Əgər bu qətl hadisəsinin üstü açılmasa 1il sonra istefa verəcəyini bildirmişdir. 1997-ci ildə Elçibəy Naxçıvandan Bakıya dönərkən ilk ziyarət etdiyi yer Arif Abdullayevin Maştağadakı məzarı olmuşdu. Bu Arif Abdullayevin əsl kimliyinə, milli tariximizdə buraxdığı ölümsüz izə böyük ehtiram və sayğı idi. AXC Təsərüfat şöbəsinin müdiri olmuş Fəxrəddin Hilalov moderator.az'a müsahibəsində qeyd edir ki, 1990-cı il may ayının 28-də səhər saat 10-da Türkiyədən birbaşa canlı yayımla bizim bayraq sancma mərasimi olmalıydı. Həmin gün o vaxtkı Kommunist küçəsi, həmçinin də ara küçələr ağzına qədər insanla dolu idi, hamısı 28 Mayı qeyd etməyə yığışmışdı. O vaxt mənim bir köhnə maşınım vardı və demək olar ki, Bəy çox yerə mənimlə birlikdə gedirdi. Həmin gün səhər getdim Bəygilə, Bəyi də, rəhmətlik Arif Abdullayevi də götürüb Əlyazmalar İnstitutunun qarşısına gəldik. Gördük ki, institutun girəcəyində yerə xalça salıblar, mikrofon quraşdırıblar. Rəhmətlik Bəxtiyar Vahabzadə, Ədalət Əzizov, səhv etmirəmsə, Allahşükür Paşazadə də oradaydı. Bəy gələndən sonra çıxış etdi və tədbir başladı.
Hər şey hazırlıqlı olsa da Bəydə bir gərginlik var idi. Çıxışı bitəndən sonra Bəy, Arif Abdullayev və mən bayrağı sancmaq üçün İnstitutun damına qalxdıq. Çox sevincli və qürurluyduq, sevincdən üçümüzün də əl-ayağımız əsirdi. Arif rəhmətlik boy-buxunlu adam idi, mənə dedi ki, sən bayrağı götür qabaqda qalx, elə də etdik. Həmin məkana çatanda istədim ki, sevincimizə bir qədər də sevinc qatam və Bəyə yarızarafat dedim ki, nəsə bayrağın yeri dəqiq olmayıb. Bəy bir an dayanıb mənə tərs-tərs baxdı, başladı danlamağa. Gülümsünüb dedim ki, səbr elə, zarafat etdim, hər şey yerindədir. Nə isə, bayrağı sancdıq, sonra üçümüz də elə oradaca oturduq. Aşağıdan bizə qışqırdılar ki, çəkiliş gedir, yaxşı alınmadı, bir də təkrar edin. Sən demə, damda harasa kamera yerləşdirilibmiş və bizi çəkirmişlər.
70 il sonra hakimiyyətin sovetlərə təhvil verildiyi Azərbaycan Cümhuriyyəti parlamenti binası üzərinə 3 rəngli istiqlal bayrağını sancmaq xoşbəxtliyinə nail olan 3 nəfərdən biri də Arif bəy Abdullayev idi.
Bütünlükdə burada qeyd olunanları nəzərdən keçirdikdən sonra, onun Azərbaycan Xalq Cəbhəsi daxilində qurduğu sistem və ortaya qoyduğu fəaliyyət bir faktı ortaya çıxarır ki, Arif Abdullayev sıradan şəxs deyildi. Təşkilatın ürəyi Təşkilat şöbəsi olduğu kimi, fərdi mahiyyətdə də bu işi əsas siması Arif bəy idi. Bu səbəbdən Azərbaycan Xalq Cəbhəsinə soxulmaq istəyən ünsürlər, daxildə nifaq yaratmaq, birliyi pozmaq istəyən maraqlı olan tərəflər birinci dərəcədə bir səddlə qarşılaşırdılar. Bu Arif Abdullayev idi. Bu səbəbdəndə AXC-yə yaxınlaşmaq üçün zərərli ünsürlər Arif Abdullayevi fiziki olaraq aradan götürmədən öz məqsədlərinə çata bilməzdilər. Xüsusi olaraq Əbülfəz Elçibəylə yaxın münasibəti, davamlı ünsiyyət, həyata keçiriləcək bütün çirkin planlarla bağlı önəmli liderlərin əvvəlcədən xəbərdar edilməsi təşkilat üçün nə qədər əhəmiyyətli idisə, onun özü üçün təhlükə mənbəyinə çevrildi. Təşkilatı qorumaq naminə öz canını ortaya qoymuşdu. Yekunda qeyd etmək istəyirəm ki, Arif Abdullayevi qətlə yetirməkdə maraqlı olan şəxslər həmişə olduğu kimi öz varlığını qorumaqdadır. Arif bəyin şəhadətinin 32-ci ilinin tamamındayıq hələdə onun qatilləri cəzasız olaraq qalır və həmin qatilləri tapmaq, cəzalandırmaq və hüquqi məsuliyyətə cəlb etmək haqqında ciddi bir cəhdin olmadığının məyyusluğundayam.
Tək mənə rahatlıq verə biləcək bir məqam o ola bilər ki, Arif Abdullayev respublika uğrunda mücadiləmizin prinsipal və dönməz siması olaraq gələcək nəsillərə əmanət edilməsi yolunda cəsur bir körpüdür və o körpü öz canı ilə mayaklaşdırdığı mübarizə yolunu dəyərləndirənlər və gedənlər çox olacaqdır !!!
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Araşdırmaçı-tədqiqatçı