"Qazax mahalında da əhali arasında
Fitnə-fəsad vardır. Əhali dəstə-dəstə olmuşdur. Bunları da dəstəyə ayıran yenə
hökumət məmurlarıdır. Əlbəttə, bu
adamlar dəstə düzəltməlidirlər, çünki
bilirlər ki, bir vaxt bu işlərin üstü açılacaqdır. Onda dəstə lazımdır ki, onları
müdafiə eyləsin, nümayəndələr göndərsinlər ki, filankəs yaxşı adamdır, biz
onu istəyiriz. Bu işlər ola-ola hökumət bu
məmurları yenə öz yerində saxlayır.
Gəncə polisinə gəldikdə, bunlar hakəza
[elǝcǝ; onun kimi] qaçaq quldurlara
istinad edirlər. Məsələn məmurlar Qaçaq
Qəmbər, Qaçaq Ələkbər və sairələrlə
əlbir olmuşlardır. Görünür ki, Gəncə
polis məmurları quldur-qaçaqsız yaşayammırlar.
Öz polisimiz göz qabağındadır.
Gecələr parta-part, soyğuntu və oğurluq
kəsilməyir. Polismeysteri yerində görmək
olmayır. Bütün bu əhvalatı görür,
eşidərkən nazir əfəndilərin məsələni ehtimal ilə keçməklərini qəbul edə bilməriz.
Biz əhali tərəfindən vəkiliz, görürüz
ki, hökumət işləmir. Ona görə, necə ki,
qabaqda da hökumətə etimad etməmişdik,
şimdi iki ay təcrübədən sonra yenə
etimadımızı vermiriz"(1, səh 120)
Nitqdə adı keçən Sarı Ələkbər və Qaçaq Qənbər Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzetinin 9 fevral 1919-cu il 109-cı sayında Qarabəyovun bu nitqini oxuyurlar və Azərbaycan qəzetinin redaksiyasına məktub göndərirlər və redaksiyadan həmin məktubları çap etməyi xaiş edirlər. Azərbaycan qəzeti redaksiyası 1919-cu il 18 fevral 116-cı sayında Qarabəyova cavab məktublarını çap edirlər. Həmin məktublarda qeyd olunur:
İDARƏYƏ MƏKTUBLAR
Doktor Qarabəyova cavab
Möhtərəm müdir əfəndi!
Mübarək qəzetənizin sütununda bu
yazdıqlarıma bir yer versəniz, xeyli minnətdar olaram.
Qəzetənizdə oxuduğuma görə Parlamanımız
əzalarından [üzvlǝrindǝn] doktor
Qara bəy cənabları hökuməti tənqid
edərkən, bəndəni də quldur deyə adlandırmışdır.
Bu töhməti üzərimdən rədd
etmək üçün tərcümeyi-həyatım xüsusunda
bir məlumat ərz etmək istərəm.
1913-cü ildə Nikolay hökuməti, düşmənlərimin
tərəfindən verilən danoslara
istinadən məni Gəncədən beş il müddətlə
nəfy [sürgün] etməyə, İrana göndərməyə
qərar verdi. İki ay sonra işim təhqiq
edildikdə Qafqaz canişini məni günahsız
bildiyindən əfv etdi. Həman tarixdən
etibarən mən hökumətin Yevlax ilə
Tovuz arasında bulunan əsgəri mənzil
müfəttişliyinə arpa və ot verirdim. Bu
təəhhüddə [öhdǝlikdǝ] mənim yoldaşım
Abbas bəy Vəlibəyov idi.
Hürriyyətdən sonra Gəncə və həvalisi
[ǝtrafı] anarxiya tufanı içində ikən millətim
mənə müraciət etdi. Öhdəmə şəhərin
mühafizəsi kimi ağır bir vəzifəni tövdi
etdi [tapşırdı]. Hər kəs ticarətə və maddi
mənfəətə məşğul olduqda mən bütün
xüsusi mənfəətlərimi buraxıb inqilabın
sonuna qədər vəzifəmi hüsn-istemal etdiyimə
[yaxşı yerinǝ yetirdiyimǝ] minlərcə
doğru şahidlərim vardır.
Fəqət doktor cənablarının fəaliyyəti
haqqında da “Ədil” kimi millət lisanı olan
qəzetələrdə bizə az-çox məlumat verilmişdir.
Millətimiz, həmd olsun, hər şeyi iyi görür
və təqdir edir və kimin kim olduğunu
da pək əla bilir.
Sarı İmamqulu oğlu Ələkbər
- II -
Hörmətli müdir əfəndi!
Mübarək cəridənizin [qəzetinizin] bir
sütununda yer vermək üçün bu sətirləri
sizə göndərdim. Dərc edərsəniz təşəkkür
edərǝm.
Bu günlərdə Parlaman əzasından doktor
Qarabəyov cənabları iclasda məni
quldur deyə qələmə vermişdir. Mən rus
hökuməti vaxtında Nikolay qulluqçuları-
nın zülmündən qaçmışdım. Ona görə mənə
Qaçaq Qənbər deyilir.
Qaçaq olmaqla bərabər, mən heç bir
vaxt öz millətimə və dindaşıma fənalıq
eyləmədim və hürriyyətdən sonra mən
kimsədən qaçmadım. Yenə gəlib millətimlə
yaşadım və əlimdən gəldiyi qədər
millətimə müavinət [köməklik] eylədim.
Gəncə vilayəti anarxiya tufanı içərisində
yandığı vaxt millətim məni şəhərin
və dəmiryolun ətrafının mühafizəsinə
məmur etdi. O gündən etibarən millətimin
sadiq bir qulu olmaqdan başqa bir
şey tanımadım. Quldur olsaydım, o vaxtlarda mənim qüvvətli dəstəm heç bir şeydən qorxmadığı günlərdə mən də quldurluğuma məşğul olardım. Zəyəm ilə
Yevlax arasında bir çox erməni və müsəlman pambıq fabrikaları vardır. O cümlədən Gəncə ermənilərindən Arzumanovun pambıq zavodu vardır ki, mən onun bir neçə milyona baliğ olan [çatan] malınısaxladım, sahibinə təslim etdim. Bunu hamı bilir.
Dəfələrlə öz dəstəmlə bərabər bolşeviklərə
qarşı çıxıb cəbhədə bir neçə qurbanlar
verdim.
Bunların hamısını mən millətimin səadəti
üçün etdim. Amma Qara bəy cənablarının
bu işləri nə üçün etmiş olduğuna
ağlımız erməyir [dǝrk etmirik].
Doktor cənabları bilmiş olsunlar ki,
mən həqiqətən quldur olsam da, millətimin
düşmənlərinə qarşı quldur olmuşam.
Heç bir vaxt millətə fənalıq etməmişəm.
Biləks [əksinə] vətən və millətimə qarşı
dərin bir məhəbbətim vardır.
Tağı oğlu Qənbər ( 1, səh: 258-259).
Qarabəy Qarabəyova Azərbaycan qəzeti səhifələrində cavab yazan şəxslər Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Gəncə şəhər Polismeyisterliyinin əməkdaşları Sarı Ələkbər İmamqulu oğlu və Qaçaq Qənbər Tağı oğlu Bəhmənlidir. Onlar hər ikisi Gəncənin və milli mücadilə tariximizin önəmli simalarıdır. Sarı Ələkbər İmamqulu oğlu Gəncənin Bağmanlar qəsəbəsi Xəlifəli məhəlləsi Sarı Məmmədlilər nəslindəndir(2). Tanınmış tacir olub. Gəncədə milli işlərdə aktiv şəkildə çalışmış Sarı Ələkbər Difainin fəallarından olmaqla 1917-ci il fevral inqilabından sonra dahada əzmlə çalışmışdır. Gəncə Milli Komitəsinin fəaliyyətində yer alaraq Gəncə şəhərinin təhlükəsizliyindən məsul şəxs idi. Bu səbəbdən istiqlaliyyətimiz elan edildikdən sonra Azərbaycan Cümhuriyyəti Daxili İşlər orqanlarında yer almış və fəaliyyətini burada davam etdirmişdir. 1920-ci Sovet Rusiyasının Azərbaycanı işğalından sonra bu işğala qarşı mövqey ifadə edənlərdən biri Sarı Ələkbər idi. Bu səbəbdən 1920-ci ilin may ayının sonlarına yaxın Gəncədə başlayan üsyanın xalq qüvvələrinin aktiv liderlərindən biri o idi. Üsyan amansızlıqla yatırıldıqdan sonra Sarı Ələkbər Türkiyə mühacirət edir və ömrünü orada başa vurur. Son vəsiyyəti Azərbaycan azad olduqdan sonra nəşini doğulduğu Gəncəyə aparılaraq dəfn edilməsi olub. Çox təəssüf ki, hələdə bu vəsiyyət gerçəyə çevrilə bilməyib.
Qaçaq Qənbər Tağı oğlu Bəhmənlidə Sarı Ələkbərlə birlikdə eyni yolu keçib və onun olduğu hər önəmli məqamda onunda adına rast gəlirik. 1920-ci Gəncə üsyanında döyüşlərin birində Qaçaq Qənbər şəhid olur. Şəfər tariximizin qanlarla yazılmış önəmli səhifələrindən birində onunda unudulmaz adı var.
1. ADA tərəfindən çap edilmiş Azərbaycan qəzetinin tam külliyyatının 5-ci cildi,
TRANSLİTERASİYA EDƏNLƏR :
Mehdi Genceli - Filologiya üzrə fəlsəfə doktoru,
Azad Ağaoğlu - Filoloq, tərcüməçi
2. Tədqiqatçı Elçin Əsgərsoyun topladığı məlumatlardan
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru


Hiç yorum yok:
Yorum Gönder