SOVET TERRORU
Nəsib bəy Yusifbəylinin müammalı qətli
və qarışıq izlər
Azərbaycan
Cümhuriyyəti 1920-ci il 27 apreldə Sovetlər tərəfindən işğal edildikdən sonra
Azərbaycanda və ondan kənarda Azərbaycan Cümhuriyyəti liderlərinə qarşı sui-qəsdlər
təşkil edilməyə başladı. Azərbaycandan kənarda Tiflis şəhərində Fətəli Xan Xoyluya,
Xəlil bəy Xasməmmədliyə və Həsən bəy Ağayevə, İstanbulda Azərbaycan Cümhuriyyəti
Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirə qarşı təşkil edilmiş terror
hadisələri bu qanlı prosesin tərkib hissəsidir. Bu terror hadisələri ilə
birlikdə ən qanlı cinayətlərdən biri Nəsib bəy Yusifbəylinin müəmmalı qətlidir.
Bu cinayət hadisəsi haqqında bu günə qədər bir sıra araşdırmalar aparılmış
yekun bir rəyə gəlinməmişdir. Qətl hadisəsi
və onun həyata keçirilmə yeri haqqında Azərbaycan Cümhuriyyətinin bir sıra liderləri
və Nəsib bəy haqqında araşdırmalar aparmış araşdırmacıların əldə etdikləri xəbərlər
və məlumatlar əsasında ayrı-ayrı faktlar ortaya qoymuş, rəylər vermişlər. İlk
öncə qətl hadisəsi kim tərəfindən həyata keçirilib bu məsələ haqqında düşünmək
lazımdır:
1.Yeni hakimiyyətə gəlmiş Bolşeviklər tərəfindən
2.Erməni millətçiləri tərəfindən
3.Nəsib bəyi varlı bir şəxs hesab edib
pullarını əldə etmək istəyən quldurlar tərəfindən
Arxivlərdə bu qətl hadisəsi haqqında əsaslı və ciddi bir fakt mövcud
deyil. Nəsib bəyin qətlini araşdırmaq üçün heç bir komissiya təşkil edilməyib və
qətl hadisəsi haqqında məlumatlar toplanmayıb. Dövri Bolşevik mətbuatı isə
saxta və yalanlarla dolu məlumatlarla səhih bir fakt əldə etmək axtarışlarımıza
kömək olmaq gücündə deyil. Köməkçi rola malik sadəcə Nəsib bəyin mübarizə
dostlarının, yaxınlarının xatirələrindəki qeydlər və ailəsində olan, əldə
etdikləri məlumatlardır. Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım
Qaspıralıda olan məlumatlar, Nəsib bəyin Gəncədəki qohumları, Məhəmməd Əmin Rəsulzadə
və Nağı bəy Şeyxzamanlının məqalə və kitablarında qeyd etdikləri məlumatlar qətl
hadisəsi haqqında təhlillərimiz üçün reallığa yaxın faktlar kimi çıxış edir.
Onlar arasında Nəsib bəyin qətlə yetirilməsi yeri haqqında ziddiyyətli məqamlar
olsa da baş nazirin qətlinin üzə çıxarılması istiqamətində bu məlumatlar xüsusi
əhəmiyyət kəsb edir. İlk öncə onu qeyd edim ki, Şəfiqə xanım, Nağı bəy
Şeyxzamanlı, Məhəmməd Əmin Rəsulzadə və bir sıra mühacirətdə yaşamış liderlər,
mühacirlər bir-biri ilə əlaqədə olsalar da Nəsib bəyin qətlə yetirildiyi yer
haqqında birmənalı fikir olmayıb. Nəsib bəy Yusifbəyli haqqında son ən dəqiq məlumat
1920-ci ilin may ayının əvvəllərində Şəfiqə xanıma verdiyi xəbər olub. Şəfiqə
xanım Nəsib bəyin son günləri ilə bağlı qeydlərində Nəsib bəyin ona xəbər verməsi
haqqında qeyd edir :
“1920-ci ilin may ayının ilk günlərində tədbiri geyimdə ata minərək, qərarlaşdırılan
səmtə doğru yollanan Nəsib 3-5 gün sonra Kürdəmir ətrafında kayıplara qarışdı.
Kürdəmirdən kiçik bir xəbər aldım. Gətirən məndən, mən də gətirəndən qorxaraq məlumatı
aldım. Sağ-salamat Kürdəmirə gəlişini müjdələyir və Kürü keçməyi gözlədiyini
yazırdı. Bir daha nə bir səs, nə bir nəfəs...” (1, s 283)
Bu
Nəsib Bəy Yusifbəyli haqqında son ən səhih məlumatdır. Ondan ailəsi ən son məlumatı
Kürdəmirdən alıb. Nəsib bəyin ailəsi ondan sonra heç bir məlumat almadıqlarına
görə Kürdəmirdə qətlə yetirilməsi versiyasına üstlük veriblər. Bu səbəbdəndir
ki, Nəsib bəyin oğlu Niyazi bəy atasının bu yerdə şəhid edilməsini əsas götürərək
“Kürdəmir” soyadını götürüb.
Şəfiqə
xanım qeydlərində Nəsib bəyin şəhadəti haqqında bunları qeyd edir:
“ Şəhadəti haqqında bir neçə rəvayət var. Biri
Kür çayı sahilində Əyricə kəndi əhalisindən bəziləri tərəfindən Bakı
milyonçularından biri olaraq düşünülərək öldürülmüşmüş. Bu rəvayəti mənə
Karhuklu Əşrəf adında bir şəxs söyləmişdi. Digər rəvayət Kür çayının sahilində
bir kənddə əvvəlcədən hazırlanmış evdə 2-3 gecə qonaq qalmış və salla çayın o
biri tərəfinə keçməyi gözləyib səbirsizlənirmiş. Nəhayət fürsət tapılmış, sal
hazırlanmış və gecə yola çıxmışlar fəqət çayın o biri tərəfində gözləyənlər
Salı görməmişlər... Üçüncü bir rəvayət isə cinayətdir. Karhuklu Əşrəfin əli ilə
olması imiş. Amma bütün bunlar emiş-demişdən ibarət yeniliklərdir. Doğru olan
yalnız onun Kürdəmirə sağ vasil olmasına dair aldığım o xəbər. Böyük qardaşı (Həmid
Bəy Yusifbəyli, C.N ) oraları gəzmiş, araşdırmış və məzarını tapmış. Bu da söylənir.
Bu xəbərin də sağlam olması mövzusunda şübhəm çoxdur”( 1,s 283).
Şəfiqə
xanım həmişə axtarışda olmuş, Nəsib bəyin son taleyi haqqında məlumat toplamağa
çalışmışdı. Maraqlı bir məqam var ki, Şəfiqə xanım şəxsi arxivində olsa belə Məhəmməd
Əmin Rəsulzadənin Nəsib bəylə bağlı məlum məqaləsində Gürcüstanın Siqnax qəzasında
qətlə yetirilməsi faktı ilə nə razılaşıb, nə də ki, qeydlərində bu haqqda
yazıb.
Nəsib
bəyin qətlə yetirilməsi yeri haqqında Məhəmməd Əmin Rəsulzadə “İstila Qurbanları
– Yusifbəyli Nəsib bəy” məqaləsində ilk dəfə fərqli olaraq onun Gürcüstanın
Siqnax qəzasında təfsilatı hələ də gizli qalan qəzaya qurban getdiyini qeyd
edir. Həmin məqalədə Məhəmməd Əmin bəy yazır :
“
Bu lənətə gəlmiş günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən
mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi ilk günlərdə
vəzifəsindən azad olunsa da, nazirlər şurasında olan Nəsib bəy Bakının rus
ordusu tərəfindən işğal oluduğu səbəbindən ölkə xaricinə çıxmaq məqsədi ilə
yaxın dostlarından İbrahimli Yusif bəylə bərabər Gürcüstan yolunu tutmuş,
Siqnax qəzasında təfsilatı indiyə qədər məlum olmayan faciəli bir qəzaya qurban
getmişlər.(2, s 110)
İlkin ziddiyyət Kürdəmir versiyası ilə Rəsulzadənin Siqnax qəzası versiyası
arasında yaranır. Ümumiyyətcə Nəsib bəyin Gürcüstanda öldürülməsi nə dərəcədə həqiqətə
uyğundur. Fətəli Xan Xoylunun, Həsən bəy Ağayevin Tiflisdə qətlə yetirilməsi, Xəlil
bəy Xasməmmədlinin güllələnməsi izaha ehtiyac olmayan faktdır. Ən azından Xan
Xoylunun, Həsən bəyin məzarları Tiflisdə mövcuddur, Xəlil bəy Xasməmmədli isə
güllələnmə zamanı yaralanmış, boğazındakı güllədən Nəsib bəyin qızı Zöhrə
xanıma həmişə şikayətlənmişdi(5,s 40). Azərbaycan Cümhuriyyəti işğal edildikdən
sonra may-iyun aylarında Tiflisə gəlmiş bir sıra liderlər fəaliyyətlərini
burada davam etdirirdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycanın
qurucularından biri – republikanın keçmiş Baş naziri və Xarici İşlər naziri Fətəli
Xan Xoylu belələrindən idi. Eyni zamanda Azərbaycan Parlamentinin sədrinin
müavini, həm də 1920-ci ildə Qafqaz konfransında Cümhuriyyət nümayəndəsi olan Həsən
bəy Ağayev də Tiflisə gəlmişdi.
Bununla yanaşı, Gürcüstan paytaxtına Müsavat Partiyasının müstəqil Azərbaycan
hökümətində məsul vəzifələr tutmuş görkəmli rəhbərləri də gəldilər. Bunlar
keçmiş Ədliyyə naziri Xəlil bəy Xasməmmədli, keçmiş Daxili İşlər naziri Mustafa
Vəkilov, müstəqil Gürcüstanda Azərbaycan səfiri Faris Vəkilov, eləcə də Azərbaycan
hökümətində müxtəlif vəzifələr tutmuş Şəfi bəy Rüstəmbəyov idi. Azərbaycan Parlamentinin ayrı-ayrı deputatları da
Tiflisdə idi.
1921-ci ilin fevralına, Qırmızı Ordu Gürcüstana daxil olanadək adıçəkilən
şəxslər Azərbaycan hökümətinin mühacirətdə funksiyalarını müəyyən dərəcədə icra
edərək həmrəy fəaliyyət göstərdilər.( 3, s 36-37 ).
Gürcüstan ərazisində olan liderlər haqqında, onların fəaliyyəti ilə
bağlı müyyən arxiv sənədlərində, bəyanatlarda məlumat verilir. Liderlərdən Fətəli
Xan Xoylunun, Həsən bəy Ağayevin, Xəlil bəy Xasməmmədlinin, Şəfi bəy Rüstəmbəylinin
orada olması açıq şəkildə görsənir. Nəsib bəyin adına isə rast gəlinmir.
Xatırladım ki, bunlardan Şəfi bəy Rüstəmbəyli Bolşevik Əli Bayramovun məlum qətlinə
görə qiyabi olaraq edama məhkum edilmişdi (4.s 156 ), Xəlil bəy Xasməmmədli
Tiflisdə güllələnərək yaralanmış, Fətəli Xanla, Həsən bəy isə qətlə
yetirilmişdi.
1920-ci ilin may ayının sonları iyunun əvvəllərində Gəncədə baş vermiş
üsyan zamanı bolşevik əsgərlərinin vəhşiliyi ilə bağlı səfirlik və nümayəndəliklərə
verilən məlumatlardan, milli liderlərin bəyanatlarından narahat olan Sovet
hakimiyyəti onların qarşısını almağa çalışırdı. Belə ki, iyunun 8-də Azərbaycan
Parlamenti sədrinin keçmiş müavini Həsən bəy Ağayev Fransanın Xarici İşlər
nazirinə ünvanlanmış notanın mətnini Qafqazdakı Fransa komissarı de Martelə təqdim
etdi. Azərbaycan hökümətinin bolşevik Rusiyası ilə münasibətlərin
yaxşılaşdırılmasına dair səmimi istəyinə baxmayaraq, Kremilin silahlı basqını nəticəsində
ölkənin necə işğal edildiyini müfəssəl şəkildə təsvir edərək, Ağayev xəbər
verirdi ki, Azərbaycan xalqı işğalçıların zorakılığı ilə barışmamışdır: “Azərbaycan
xalqı xarici işğalçılara qarşı apardığı qanlı mübarizədə indi dəhşətli və
dözülməz zorakılıqlara məruz qalır. Bu mübarizə dövründə Bakıdan sonra birinci
şəhər olan Gəncənin bütün müsəlman hissəsinin digər dəhşətlərlə yanaşı
bombardmanlarla məhv edilməsi, 8000 müsəlmanın öldürülməsi, şəhərin işğalı
zamanı 15000 müsəlman qadının zorlanması xalqın öz taleyini özünün həll etməsi
yolunda əyilməz iradəsini kifayət qədər sübut edir.
Ağayev Fransa hökümətindən xahiş edirdi: “Azərbaycanda baş verən bu
qırğının dərhal dayandırmaq üçün tədbirlər görmək, həm də Azərbaycan xalqına
onun ifadə etdiyi iradəsinə uyğun olaraq öz dinc və müstəqil yaşayışını davam
etdirmək imkanı vermək məqsədi ilə rus Qırmızı Ordusunun ölkədən çıxarılmasına
yardım etsin. Rus Qırmızı Ordusu Azərbaycanı tərk etmədiyi təqdirdə, sonrakı
hadisələrə görə bütün məsuliyyət müstəsna olaraq sovet Rusiyası üzərində düşəcəkdir.
( 3,s 42-43).
Məlum
faktlardan görünür ki, Azərbaycan milli hökümətinin təmsilçiləri Tiflisdə boş
dayanmamışdılar. Sovet hakimiyyətini, bolşevikləri narahat edəcək çox ciddi məqamlar
mövcud idi. Azərbaycan Cümhuriyyəti Qızıl Ordu tərəfindən işğal edilməmişdən
öncə belə milli hökümət təmsilçilərinin Azərbaycan ərazisində zərərsizləşdirmək
göstərişi verilmişdi. Belə ki, 21 aprel 1920-ci il tarixində gecə saat 03:30-da
Petrovskdan Qafqaz ordusunun komandanı Tuxaçevskinin, Hərbi İnqlab Şurasının
üzvü Orconikidzenin və Baş Qərargah rəisi Zaxarovun 11-ci Qızıl Ordunun
komandanlığına göndərdikləri teleqramda Bakı ələ keçirilən zaman bir sıra tədbirlərin
həyata keçirilməsinin zəruriliyi tapşırılırdı. Teleqramda göstərilirdi: “Bakı
işğal edilən zaman Azərbaycanın indi ki, hökümət üzvülərinin tutulması mütləq zəruridir.
Onun Yelizavetpola qaçacağını qabaqlayaraq, onu dəmiryolunun Kürdəmir
stansiyasına qədər tutmaq zəruridir” (6,s 28-29).
Həmçinin
mayın 24-də Bakıda olan Q.Orconikidze Kremlə xəbər verirdi ki, gürcülər Müsavat
hökümətinə Tiflisdə sığınacaq veriblər və onlar orada fəaliyyət göstərirlər(3,s
37).
Faktlara əsasən demək olar ki, milli liderlər Azərbaycan ərazisində zərərsizləşdirilməli
idi. Amma onların bir çoxu müxtəlif
yollarla qurtulmuş Tiflisdə sığınacaq bulmuşdular. Bolşevik hakimiyyətini ifşa
edir, bir sıra dövlətlərdən yardım istəyirdilər. Azərbaycan istiqlalının yenidən
bərpası məsələsi gündəmə gəlirdi. Faktlar onu göstərir ki, Azərbaycan Cümhuriyyəti
işğal olunduqdan sonra bir sıra siyasi qətllərin arxasında Bolşeviklər
dayanırdı. Bütün bu sifarişli qətllərlə onlar özlərinə qarşı təhlükələri önləmək
fikrində idilər.
Həsən
bəy Ağayevin Tiflisdə qətlə yetirilməsi, sonrada izi itirmək üçün bolşeviklərin
bu hadisə ilə bağlı uydurduqları yalanlar bu qətlin arxasında Sovet hakimiyyətinin
dayandığı ehtimallarını artırır. Nə onun ailəsi bu yalanlarla razılaşır nədə
ki, bu yalanlar faktlarla səsləşir. Həsən
bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Həsən bəyin qətlidən sonra Tiflisə
gedir və ora çatanda artıq Həsən bəyin 7-sinidə veriblərmiş. Xədicə xanıma Həsən
bəyin qaldığı, yaxın münasibətdə olduğu Gürcü ailəsi qətl zamanı o sarsıdıcı səhnəni
danışıblarmış. Onların dediyinə görə iyulun 19-da axşam qapı döyülür. Aktyor
Mustafa Mərdanov gəlir. Deyir ki, yaxın dostlarından bir neçəsi burada bir evdə
yığışıblar, səni görmək istəyirlər. Həsən bəy qalxır kostyumunu geyməyə. Ev yiyəsi
onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir. Səni izləyirlər. Hara gedirsən?
Qoy kim ki səni görmək istəyir, gəlsin bizə”
Həsən
bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər
adamı ayağıma gətirim?”
Mustafa Mərdanov da onları arxayın edir ki, narahat olmayın, necə
aparıram, elədə qaytarıb gətirəcəyəm.
İki
saat keçir.
Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır.
Qapının çalınması ilə güllənin açılması bir olur.
Yüyürürlər qapıya.
Baxırlar ki, nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və
artıq cansız cəsədi sərilib yerə.
Kürəyindən
dəyən güllə sinəsini dağıdıb çıxıb( 7,s 254).
Sonradan Xədicə xanıma bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər
Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş. İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır
ki, Həsən bəyi qətlə yetirən ermənilərdir ( 7,s 256).
Mustafa Mərdanov öz xatirələrində qeyd edir ki, 1920-ci ilin iyun ayında
xüsusi missiya ilə Tiflisdə olub. Həmçinin qeyd edir ki, Gürcüstanda gizli
çalışan kommnist fəalları ilə görüşməli idim. O hətta həbs olunub və Fətəli Xan
Xoylunun güllələnməsində ittiham olunurmuş (5,s 37-39).
Hər
iki qətl hadisəsində maraqlıdır ki, aktyor Mustafa Mərdanovun adı hallanır.
Ehtimal etmək olar ki, bu siyasi qətllər
bir mərkəzdən idarə olunurdu( Əliheydər Qarayev tərəfindən. C.N). Mustafa Mərdanov
icraçı olmasada vasitəçi kimi bu işlərdə fəal iştirak edib. Özünündə qeyd
etdiyi kimi xüsusi missiya ilə Tiflisdə olub.
Fətəli
Xan Xoylunun və Həsən bəy Ağayevin Tiflisdə qətlə yetirilməsinin az-çox təfsilatı
məlumdur. Nəsib bəy Yusifbəylinin Gürcüstana keçməsi və orada olması ilə bağlı,
qətli ilə bağlı ciddi bir fakt mövcud deyil. Ümumiyyətcə nə Gəncədəki
qohumlarına, nədə ki, Şəfiqə xanıma orada olması ilə bağlı heç bir məktub
yazmayıb, xəbərdarlıq etməyib. Məhəmməd Əmin Rəsulzadənin Siqnax qəzasındakı qətlə
yetirilməsi ilə bağlı ehtimalı nə dərəcədə həqiqəti əks etdirir bu
düşündürücüdür.
Rəsulzadənin bu məlumatı həqiqətdirmi, bu haqqda söz demək çətindir. Amma maraqlı
bir məqam var ki, mərhum jurnalist araşdırmacımız Hafiz Sadiq “Rəisül-Vükalə Nəsib
bəy Yusifbəylinin şəhid edilməsi” məqaləsində qeyd edir ki, Nəsib bəyin uğursuz
bu səfərində ona yoldaşlıq edən Yusif İbrahimli Yevlaxdan Gürcüstana gəlməyə
müvəffəq olmuşdu. Lakin onuda Gürcüstanın Sığnaq şəhərində Bakıdan göndərilən
bolşevik xəfiyyəsi şəhid etmişdi(8,s 16). Ola bilərmi ki, Sığnaq qəzasında tək
Yusif İbrahimli qətlə yetirilsin ? Onunla Nəsib bəyin yol yoldaşı olması bir
çox şəxsə məlum idi. Ehtimal ki, Yusif İbrahimlinin qətl yerinə görə Nəsib bəyində
qətl yeri ora göstərilir.
Bolşeviklər əllərinə keçirə bildikləri Azərbaycan Cümhuriyyəti liderlərini,
hərbiçilərini saxta hüquqi əsas verərək açıq şəkildə güllələyir, əllərinə keçirə
bilmədiklərinə gizli sui-qəsd planları qururdular. Həmid bəy Qaytabaşı, İbrahim
Ağa Yusifov, Həbib bəy Səlimov, Murad Gəray Tlxas, Süleyman bəy Sulkeyeviç kimi
hərbiçilərin, Məmmədbağır bəy Şeyxzamanlı, Murtuza Muxtarov, İsmayil Xan
Ziyadxanlı kimi Parlament və keçmiş Duma üzvülərinin, Xudadat bəy Rəfibəyli,
Rüstəm bəy Mirzəyev kimi məmurların güllələnməsi sadəcə anti-bolşevik zehniyyətə
sahib olmalarına görə deyildi( 9,s 98-99). Yeni qurulmuş Sovet hakimiyyəti bunu
məqsədyönlü şəkildə icra edirdi. Onlar 1918-ci ilin 28 mayına qədər Bolşeviklərin
uğur yollarına sədlər yaratmış və yeni qurulmuş Sovet hakimiyyəti üçün təhlükə
gördükləri şəxsləri sıradan çıxarırdılar. Gəncənin General Qubernatoru Xudadat
bəy Rəfibəylinin 1920-ci ilin 12 mayında həbs edilib Bakıya aparılaraq Nargin
adasında güllələnməsi Sovet liderlərinin ona qarşı nifrət və qorxularından
qaynaqlanırdı. Ona görə ki, 1918-ci ilin yanvar ayının əvvələrində Şəmkir
stansiyasında Şərq cəbhəsindən qayıdan Rus ordusunun tərksilah edilməsinə
Xudadat bəy Rəfibəyli rəhbərlik edirdi. Həmin uğurlu əməliyat nəticəsində çoxlu
sayda silah-sursat əldə edildi, zəif olan milli ordu hissələrinin ixtiyarına
verildi. Bu silahlar milli qüvvələrin ayaqda qalması üçün ən böyük dəstək idi.
Həmçinin Bakını əldə saxlayan Bolşeviklərə qarşı mübarizədə bu silahların
xüsusi rolu oldu. Bolşeviklər bunu unutmamışdılar, Xudadat bəyi güllələməklə həm
qisaslarını almışlar, həmdəki, belə bir təcrübəli adamdan gələ biləcək təhlükələri
önləmişdilər. Bir düşünün ki, Gəncə üsyanı zamanı Xudadat bəy Rəfibəyli sağ ola
idi və bunun nəticələri nə ola bilərdi. 1918-ci ilin 18-22 martında Şamaxıda
dinc müsəlmanlara divan tutan Bolşevik-daşnakların üzərinə getmiş İsmayıl xan
Ziyadxanlının güllələnməsidə nifrət və qorxudan qaynaqlanırdı. Stepan Şamuyan
İsmayıl xan Ziyadxanlını Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam
adlandırmışdı( 10,s 162-163). Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə İdarəsinin
rəisi Məmmədbağır bəy Şeyxzamanlının güllələnməsi isə qardaşı Nağı bəy
Şeyxzamanlı ilə birlikdə Bolşeviklərə qarşı apardıqları uğurlu əməliyyatlardan
qaynaqlanırdı. Nağı bəyi tuta bilməsələrdə, Məmmədbağır bəyi güllələməklə çirkin
qisaslarını almışlar. (4,s 135). Azərbaycan Cümhuriyyəti Bakı şəhər
Polismeysteri Rüstəm bəy Mirzəyevin qətlə yetirilməsi isə inqlabçı Əli
Bayramovun məlum qətl hadisəsindən doğurdu. Onlar düşünürdü ki, bu qətli Baki
polisinin rəhbərliyi həyata keçirib. Parlamentin üzvü Murtuza Muxtarov isə
Bakıda Bolşeviklərə ilk güllə atanlardan idi(4,s 144).
Gördüyümüz kimi Tiflisdə olduğu kimi Bakıdada yeni qurulmuş Sovet
hakimiyyəti Azərbaycan milli hökümətinin təmsilçilərinə başqa formada divan
tutur, qisas alır, öz nəzərlərində təhlükələri önləyirdilər. Əlbəttə bu qeyd
etdiklərim bir başa Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı hadisələr deyil
amma qətlin sifarişinin haradan gəldiyi, hansı məqsəd daşıdığı istiqamətində
köməkçi izah kimi çıxış edir. Məlumdur ki, Nəsib bəy Bakıdan Tiflisə getməli
idi. Onun Tiflisdə olması, orada fəaliyyəti sovet hakimiyyətinə sərf etmirdi. Təsəvvür
edin ki, Fətəli Xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy
Xasməmmədli və Nəsib bəy Yusifbəyli Tiflisdədir. Hansi ki, onlar Azərbaycan
Cümhuriyyətinin qorunması uğrunda mübarizədə radikal qanadın təmsilçiləri idilər.
Bolşeviklərə, Sovet hakimiyyətinə qarşı xüsusi nifrətləri ilə seçilirdilər. Həmçinin
Gürcüstanda menşevik hakimiyyəti fəaliyyət göstərirdi və Azərbaycan milli hökümətinin
təmsilçilərinin onlarla birləşməsi Qafqazda Sovet hakimiyyətinin genişlənməsinə
qarşı böyük sədd ola bilərdi. Sovet
hakimiyyəti sui-qəsdlər, qətllər təşkil edərək bu şəxsləri zərərsizləşdirmək
yolunu seçmişdi.
Hörmətli araşdırmacımız Rafael Hüseyinovda bu qətllər prosesi ilə bağlı
maraqlı məntiq ortaya qoyub. Belə ki, bolşeviklər gələn kimi böyük milli güc
bildiklərinin hamısını hazır siyahılarla dərhal aradan götürüblər.
Xudadat bəy onlardan biri idi.
Həsən
bəy Ağayev onlardan biri idi.
Fətəli
xan Xoylu onlardan biri idi.
Nəsib
bəy Yusifbəyli onlardan biri idi.
Behbud xan Cavanşir bunlardan biri idi.
Və
çoxları....
Heç
bir səhvdən söhbət gedə bilməz.
Bu
qətllər labüd idi(11,s 225).
Məlum
məsələ idi ki, Gürcüstanda Azərbaycan milli hökümətinin təmsilçiləri ilə
Gürcüstan höküməti təmsilçiləri Qafqazda anti-bolşevik hərakata təkan versə
idilər bu Sovetlər üçün heçdə yaxşı olmayacaqdı. Hansı ki, Gürcüstan silahlı
qüvvələrinin baş komandanı general Giorgi Kvinitadze bolşevikləri bütün
Zaqafqaziyadan qovmaq məqsədi ilə hücuma keçməyi planlaşdırırdı(3,s 39). Hər
iki tərəfdə anti-bolşevik meyllər yüksək səviyyədə idi. Gürcüstan may ayının
7-də Sovet Rusiyası tərəfindən tanınmağı ilə özünü rahat hiss etməyə başladı,
Noy Jordaniya höküməti təhlükənin sovuşduğunu zənn edirdi. Yanılmışdı.
İsti-isti mübarizə getsə idi, uğurlu nəticə alına bilərdi. Sovetlər müqaviləylə
Gürcüstanı birtərəf etməklə, Azərbaycan milli siyasi rəhbərliyini isə terror və
siyasi qətllərlə Qafqazda formalaşmaqda olan böyük anti-sovet, anti-bolşevik əhval-ruhiyyəni
məhv etmək istiqamətində böyük uğura imza atdı.
Azərbaycan
milli siyasi rəhbərliyi müstəqilliyin
könüllü şəkildə təhvil verilməsi və mübarizədən geri çəkilməyin tərəfdarı
deyildilər. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Fətəli xan Xoylu, Nəsib bəy
Yusifbəyli barışmaz, ipə-sapa yatmaz, hiyləyə, yalana aldadılabilməz olduqları
üçün bolşeviklər yurdumuza qədəm basar-basmaz dərhal məhv edildilər. Bolşeviklər
bu qəbil düşmənlərinə mühacirət etməyə də imkan vermirdilər. Bu sayaq yenilməzləri,
sınmazları hətta mühacirət etməyə imkan tapırdılarsa, oralarda qətlə yetirməyə
nail olurdular (11,s 19).
Araşdırma və təhlillərimizə əsasən Nəsib bəy Yusifbəylinində bolşeviklər,
Sovet hakimiyyəti tərəfindən qətlə yetirilməsi məntiqinin üzərində dayanırıq.
Hafiz Sadiq (8,s 15), Ədalət Tahirzadə (12,s 327-328) və Rafael
Hüseyinovda(11,s 19) bu mövqeydən çıxış edirlər. Tutarlı və daha məntiqəuyğun
faktlar bunu deyir.
Nəsib
bəy Yusifbəylinin qətlə yetirildiyi yer daha çox mübahisə doğurur. M.Ə.Rəsulzadənin
Gürcüstan Siqnax qəzası versiyası, Şəfiqə xanım Qaspıralının Kürdəmir
versiyası, yoxsa Nağı bəy Şeyxzamanlının Ərəş qəzası(4,s 169) versiyasımı
doğrudur ?
M.Ə.Rəsulzadənin Siqnax qəzasında Nəsib bəyin qətlə yetirilməsi
versiyası haradan qaynaqlandığı fakt olaraq əlimizdə mövcud deyil.
Araşdırmacılar ehtimal edir ki, ola bilər ki, bu məlumatı Rəsulzadə mühacirətdə
Gürcüstanın mühacir siyasi rəhbərliyindən ala bilərdi ( 5,s 41). Bu faktda sadəcə
Türkiyədə çıxmış “ Azərbaycan Türk Kültür Dərgisində” Azərbaycan Kültür Dərnəyinə
rəhbərlik etmiş Feyzi Aküzüm istinad edir (14,s 11).M.Ə.Rəsulzadəni şəxsən
görmüş və gəncliyindən onunla birlikdə çalışmış Feyzi Aküzümdə bu məlumatın
haradan qaynaqlandığını qeyd etməyib. Əvvəlcə qeyd etdiyimiz kimi Nəsib bəyin
Gürcüstana keçməsi, orada olması haqqında nə onun ailəsində, yaxınlarında, nədə
ki, Azərbaycan Cümhuriyyəti liderlərində bir məlumat olub.
Nəsib
bəyin həyat yoldaşı Şəfiqə xanım Qaspıralı Kürdəmir versiyasının, Gəncədəki
yaxınları isə Yevlax( Ərəş qəzası)versiyasının üzərində dayanıblar. Hafiz
Sadiqin məlum məqaləsində Nəsib bəy Yusifbəylinin bacısı Xanım Cuvarlının oğlu
Akademik Çingiz Cuvarlının (8,s 15), Nəsib bəyin digər bacısı Dilşad Xasməmmədlinin
nəvəsi Azər Abdullayevin (13,s 84 ) məlumatlarında onun öldürülərək Kür çayına
atıldığını qeyd edirlər. Nağı bəy Şeyxzamanlıda “Dərdləşmə” kitabçasında Nəsib
bəyin qətlə yetirilmə yerini Ərəş qəzası göstərir.
Bütün bu fakt və məlumatları əlaqələndirərək Nəsib bəy Yusifbəylinin
Kürdəmirlə Yevlax arasında məqsədli şəkildə yeni qurulmuş Sovet hakimiyyəti
casus şəbəkəsi tərəfindən qətlə yetirildiyini əsas tuturuq. Sovet hakimiyyəti
Bakıda Xudadat bəy Rəfibəylini, Tiflisdə Fətəli Xan Xoylunu, Həsən bəy Ağayevi,
Xəlil bəy Xasməmmədlini hansı məqsədlə güllələmişdisə, Nəsib bəyin müammalı qətli
heç şübhəsiz bundan kənarda deyil.
Ədəbiyyat:
1.Şəngül
Hablemitoğlu, Nəcib Hablemitoğlu “Şəfiqə Qaspıralı və Rusiyada Türk qadın hərəkatı(
1893-1920)”, Ankara, 1998.
2.“Odlu Yurt” dərgisi, № 3, İstanbul, 1929.
3.Giorgi Mamulia, Ramiz Abutalıbov “Odlar
Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015.
4.Nağı Şeyxzamanlı “Xatirələrim”, Bakı, 2004.
5.Nazif Qəhramanlı “ Nəsib bəy nümunəsi”,
Bakı, 2008.
6.Cəmil Həsənli “Sovet dövründə Azərbaycanın
xarici siyasəti(1920-1939), Bakı, 2012.
7.Rafael Hüseyinov “Millətin Zərrəsi”, Bakı,
2001.
8.“Azərbaycan Türk Kültür Dərgisi”, Ankara,
1995, say: 303
9.M.Ə.Rəsulzadə, “Azərbaycan Cümhuriyyəti”,
Bakı, 1990.
10.Ənvər Çingizoğlu, “Ziyadoğlu-Qacarlar (
Ziyadxanovlar), Bakı, 2017.
11.Rafael Hüseyinov “Yurdun adındakı can”,
Bakı, 2010.
12.“ Fikir və Əməl böyüklərimiz” Bakı, 2014.
13İbrahim Süslü “Azərbaycan siyasi tarixində
Nəsib bəy Yusifbəyli (1881-1920), Bakı, 2017.
14. “Azərbaycan Türk Kültür Dərgisi” say: 234, Ankara, 1980.





