Cümhuriyyət və onun işıqlı idealları uğrunda

27 Mart 2023 Pazartesi

Sovet Terroru - Nəsib bəy Yusifbəylinin müəmmalı qətli

SOVET TERRORU

 

Nəsib bəy Yusifbəylinin müammalı qətli

və qarışıq izlər

 

    Azərbaycan Cümhuriyyəti 1920-ci il 27 apreldə Sovetlər tərəfindən işğal edildikdən sonra Azərbay­canda və ondan kənarda Azərbaycan Cümhuriyyəti liderlərinə qarşı sui-qəsdlər təşkil edilməyə başladı. Azərbaycandan kənarda Tiflis şəhərində Fətəli Xan Xoyluya, Xəlil bəy Xasməmmədliyə və Həsən bəy Ağayevə, İstanbulda Azərbaycan Cümhuriyyəti Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirə qarşı təşkil edilmiş terror hadisələri bu qanlı prosesin tərkib hissəsidir. Bu terror hadisələri ilə birlikdə ən qanlı cinayətlərdən biri Nəsib bəy Yusifbəylinin müəmmalı qətlidir. Bu cinayət hadisəsi haqqında bu günə qədər bir sıra araşdırmalar aparılmış yekun bir rəyə gəlinməmişdir.  Qətl hadisəsi və onun həyata keçirilmə yeri haqqında Azərbaycan Cümhuriyyətinin bir sıra liderləri və Nəsib bəy haqqında araşdırmalar aparmış araşdırmacıların əldə etdikləri xəbərlər və məlumatlar əsasında ayrı-ayrı faktlar ortaya qoymuş, rəylər vermişlər. İlk öncə qətl hadisəsi kim tərəfindən həyata keçirilib bu məsələ haqqında düşünmək lazımdır:

 

1.Yeni hakimiyyətə gəlmiş Bolşeviklər tərəfindən

2.Erməni millətçiləri tərəfindən

3.Nəsib bəyi varlı bir şəxs hesab edib pullarını əldə etmək istəyən quldurlar tərəfindən

 

    Arxivlərdə bu qətl hadisəsi haqqında əsaslı və ciddi bir fakt mövcud deyil. Nəsib bəyin qətlini araşdırmaq üçün heç bir komissiya təşkil edilməyib və qətl hadisəsi haqqında məlumatlar toplanmayıb. Dövri Bolşevik mətbuatı isə saxta və yalanlarla dolu məlumatlarla səhih bir fakt əldə etmək axtarışlarımıza kömək olmaq gücündə deyil. Köməkçi rola malik sadəcə Nəsib bəyin mübarizə dostlarının, yaxınlarının xatirələrindəki qeydlər və ailəsində olan, əldə etdikləri məlumatlardır. Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspıralıda olan məlumatlar, Nəsib bəyin Gəncədəki qohumları, Məhəmməd Əmin Rəsulzadə və Nağı bəy Şeyxzamanlının məqalə və kitablarında qeyd etdikləri məlumatlar qətl hadisəsi haqqında təhlillərimiz üçün reallığa yaxın faktlar kimi çıxış edir. Onlar arasında Nəsib bəyin qətlə yetirilməsi yeri haqqında ziddiyyətli məqamlar olsa da baş nazirin qətlinin üzə çıxarılması istiqamətində bu məlumatlar xüsusi əhəmiyyət kəsb edir. İlk öncə onu qeyd edim ki, Şəfiqə xanım, Nağı bəy Şeyxzamanlı, Məhəmməd Əmin Rəsulzadə və bir sıra mühacirətdə yaşamış liderlər, mühacirlər bir-biri ilə əlaqədə olsalar da Nəsib bəyin qətlə yetirildiyi yer haqqında birmənalı fikir olmayıb. Nəsib bəy Yusifbəyli haqqında son ən dəqiq məlumat 1920-ci ilin may ayının əvvəllərində Şəfiqə xanıma verdiyi xəbər olub. Şəfiqə xanım Nəsib bəyin son günləri ilə bağlı qeydlərində Nəsib bəyin ona xəbər verməsi haqqında qeyd edir :

    “1920-ci ilin may ayının ilk günlərində tədbiri geyimdə ata minərək, qərarlaşdırılan səmtə doğru yollanan Nəsib 3-5 gün sonra Kürdəmir ətrafında kayıplara qarışdı. Kürdəmirdən kiçik bir xəbər aldım. Gətirən məndən, mən də gətirəndən qorxaraq məlumatı aldım. Sağ-salamat Kürdəmirə gəlişini müjdələyir və Kürü keçməyi gözlədiyini yazırdı. Bir daha nə bir səs, nə bir nəfəs...” (1, s 283)

    Bu Nəsib Bəy Yusifbəyli haqqında son ən səhih məlumatdır. Ondan ailəsi ən son məlumatı Kürdəmirdən alıb. Nəsib bəyin ailəsi ondan sonra heç bir məlumat almadıqlarına görə Kürdəmirdə qətlə yetirilməsi versiyasına üstlük veriblər. Bu səbəbdəndir ki, Nəsib bəyin oğlu Niyazi bəy atasının bu yerdə şəhid edilməsini əsas götürərək “Kürdəmir” soyadını götürüb.

    Şəfiqə xanım qeydlərində Nəsib bəyin şəhadəti haqqında bunları qeyd edir:

“ Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndi əhalisindən bəziləri tərəfindən Bakı milyonçularından biri olaraq düşünülərək öldürülmüşmüş. Bu rəvayəti mənə Karhuklu Əşrəf adında bir şəxs söyləmişdi. Digər rəvayət Kür çayının sahilində bir kənddə əvvəlcədən hazırlanmış evdə 2-3 gecə qonaq qalmış və salla çayın o biri tərəfinə keçməyi gözləyib səbirsizlənirmiş. Nəhayət fürsət tapılmış, sal hazırlanmış və gecə yola çıxmışlar fəqət çayın o biri tərəfində gözləyənlər Salı görməmişlər... Üçüncü bir rəvayət isə cinayətdir. Karhuklu Əşrəfin əli ilə olması imiş. Amma bütün bunlar emiş-demişdən ibarət yeniliklərdir. Doğru olan yalnız onun Kürdəmirə sağ vasil olmasına dair aldığım o xəbər. Böyük qardaşı (Həmid Bəy Yusifbəyli, C.N ) oraları gəzmiş, araşdırmış və məzarını tapmış. Bu da söylənir. Bu xəbərin də sağlam olması mövzusunda şübhəm çoxdur”( 1,s 283).

    Şəfiqə xanım həmişə axtarışda olmuş, Nəsib bəyin son taleyi haqqında məlumat toplamağa çalışmışdı. Maraqlı bir məqam var ki, Şəfiqə xanım şəxsi arxivində olsa belə Məhəmməd Əmin Rəsulzadənin Nəsib bəylə bağlı məlum məqaləsində Gürcüstanın Siqnax qəzasında qətlə yetirilməsi faktı ilə nə razılaşıb, nə də ki, qeydlərində bu haqqda yazıb.

    Nəsib bəyin qətlə yetirilməsi yeri haqqında Məhəmməd Əmin Rəsulzadə “İstila Qurbanları – Yusifbəyli Nəsib bəy” məqaləsində ilk dəfə fərqli olaraq onun Gürcüstanın Siqnax qəzasında təfsilatı hələ də gizli qalan qəzaya qurban getdiyini qeyd edir. Həmin məqalədə Məhəmməd Əmin bəy yazır :

    “ Bu lənətə gəlmiş günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi ilk günlərdə vəzifəsindən azad olunsa da, nazirlər şurasında olan Nəsib bəy Bakının rus ordusu tərəfindən işğal oluduğu səbəbindən ölkə xaricinə çıxmaq məqsədi ilə yaxın dostlarından İbrahimli Yusif bəylə bərabər Gürcüstan yolunu tutmuş, Siqnax qəzasında təfsilatı indiyə qədər məlum olmayan faciəli bir qəzaya qurban getmişlər.(2, s 110)

    İlkin ziddiyyət Kürdəmir versiyası ilə Rəsulzadənin Siqnax qəzası versiyası arasında yaranır. Ümumiyyətcə Nəsib bəyin Gürcüstanda öldürülməsi nə dərəcədə həqiqətə uyğundur. Fətəli Xan Xoylunun, Həsən bəy Ağayevin Tiflisdə qətlə yetirilməsi, Xəlil bəy Xasməmmədlinin güllələnməsi izaha ehtiyac olmayan faktdır. Ən azından Xan Xoylunun, Həsən bəyin məzarları Tiflisdə mövcuddur, Xəlil bəy Xasməmmədli isə güllələnmə zamanı yaralanmış, boğazındakı güllədən Nəsib bəyin qızı Zöhrə xanıma həmişə şikayətlənmişdi(5,s 40). Azərbaycan Cümhuriyyəti işğal edildikdən sonra may-iyun aylarında Tiflisə gəlmiş bir sıra liderlər fəaliyyətlərini burada davam etdirirdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycanın qurucularından biri – republikanın keçmiş Baş naziri və Xarici İşlər naziri Fətəli Xan Xoylu belələrindən idi. Eyni zamanda Azərbaycan Parlamentinin sədrinin müavini, həm də 1920-ci ildə Qafqaz konfransında Cümhuriyyət nümayəndəsi olan Həsən bəy Ağayev də Tiflisə gəlmişdi.

    Bununla yanaşı, Gürcüstan paytaxtına Müsavat Partiyasının müstəqil Azərbaycan hökümətində məsul vəzifələr tutmuş görkəmli rəhbərləri də gəldilər. Bunlar keçmiş Ədliyyə naziri Xəlil bəy Xasməmmədli, keçmiş Daxili İşlər naziri Mustafa Vəkilov, müstəqil Gürcüstanda Azərbaycan səfiri Faris Vəkilov, eləcə də Azərbaycan hökümətində müxtəlif vəzifələr tutmuş Şəfi bəy Rüstəmbəyov idi. Azərbaycan  Parlamentinin ayrı-ayrı deputatları da Tiflisdə idi.

    1921-ci ilin fevralına, Qırmızı Ordu Gürcüstana daxil olanadək adıçəkilən şəxslər Azərbaycan hökümətinin mühacirətdə funksiyalarını müəyyən dərəcədə icra edərək həmrəy fəaliyyət göstərdilər.( 3, s 36-37 ).

    Gürcüstan ərazisində olan liderlər haqqında, onların fəaliyyəti ilə bağlı müyyən arxiv sənədlərində, bəyanatlarda məlumat verilir. Liderlərdən Fətəli Xan Xoylunun, Həsən bəy Ağayevin, Xəlil bəy Xasməm­mədlinin, Şəfi bəy Rüstəmbəylinin orada olması açıq şəkildə görsənir. Nəsib bəyin adına isə rast gəlinmir. Xatırladım ki, bunlardan Şəfi bəy Rüstəm­bəyli Bolşevik Əli Bayramovun məlum qətlinə görə qiyabi olaraq edama məhkum edilmişdi (4.s 156 ), Xəlil bəy Xasməmmədli Tiflisdə güllələnərək yaralanmış, Fətəli Xanla, Həsən bəy isə qətlə yetirilmişdi.

    1920-ci ilin may ayının sonları iyunun əvvəllə­rində Gəncədə baş vermiş üsyan zamanı bolşevik əsgərlərinin vəhşiliyi ilə bağlı səfirlik və nümayən­dəliklərə verilən məlumatlardan, milli liderlərin bəyanatlarından narahat olan Sovet hakimiyyəti onların qarşısını almağa çalışırdı. Belə ki, iyunun 8-də Azərbaycan Parlamenti sədrinin keçmiş müavini Həsən bəy Ağayev Fransanın Xarici İşlər nazirinə ünvanlanmış notanın mətnini Qafqazdakı Fransa komissarı de Martelə təqdim etdi. Azərbaycan hökümətinin bolşevik Rusiyası ilə münasibətlərin yaxşılaşdırılmasına dair səmimi istəyinə baxmayaraq, Kremilin silahlı basqını nəticəsində ölkənin necə işğal edildiyini müfəssəl şəkildə təsvir edərək, Ağayev xəbər verirdi ki, Azərbaycan xalqı işğalçıların zorakılığı ilə barışmamışdır: “Azərbaycan xalqı xarici işğalçılara qarşı apardığı qanlı mübarizədə indi dəhşətli və dözülməz zorakılıqlara məruz qalır. Bu mübarizə dövründə Bakıdan sonra birinci şəhər olan Gəncənin bütün müsəlman hissəsinin digər dəhşətlərlə yanaşı bombardmanlarla məhv edilməsi, 8000 müsəlmanın öldürülməsi, şəhərin işğalı zamanı 15000 müsəlman qadının zorlanması xalqın öz taleyini özünün həll etməsi yolunda əyilməz iradəsini kifayət qədər sübut edir.

    Ağayev Fransa hökümətindən xahiş edirdi: “Azər­baycanda baş verən bu qırğının dərhal dayandırmaq üçün tədbirlər görmək, həm də Azərbaycan xalqına onun ifadə etdiyi iradəsinə uyğun olaraq öz dinc və müstəqil yaşayışını davam etdirmək imkanı vermək məqsədi ilə rus Qırmızı Ordusunun ölkədən çıxarıl­masına yardım etsin. Rus Qırmızı Ordusu Azərbaycanı tərk etmədiyi təqdirdə, sonrakı hadisələrə görə bütün məsuliyyət müstəsna olaraq sovet Rusiyası üzərində düşəcəkdir. ( 3,s  42-43).

    Məlum faktlardan görünür ki, Azərbaycan milli hökümətinin təmsilçiləri Tiflisdə boş dayanmamış­dılar. Sovet hakimiyyətini, bolşevikləri narahat edəcək çox ciddi məqamlar mövcud idi. Azərbaycan Cümhuriyyəti Qızıl Ordu tərəfindən işğal edilməmiş­dən öncə belə milli hökümət təmsilçilərinin Azərbay­can ərazisində zərərsizləşdirmək göstərişi verilmişdi. Belə ki, 21 aprel 1920-ci il tarixində gecə saat 03:30-da Petrovskdan Qafqaz ordusunun komandanı Tuxaçev­skinin, Hərbi İnqlab Şurasının üzvü Orconikidzenin və Baş Qərargah rəisi Zaxarovun 11-ci Qızıl Ordunun komandanlığına göndərdikləri teleqramda Bakı ələ keçirilən zaman bir sıra tədbirlərin həyata keçiril­məsinin zəruriliyi tapşırılırdı. Teleqramda göstərilirdi: “Bakı işğal edilən zaman Azərbaycanın indi ki, hökümət üzvülərinin tutulması mütləq zəruridir. Onun Yelizavetpola qaçacağını qabaqla­yaraq, onu dəmiryolunun Kürdəmir stansiyasına qədər tutmaq zəruridir” (6,s 28-29).

    Həmçinin mayın 24-də Bakıda olan Q.Orconikidze Kremlə xəbər verirdi ki, gürcülər Müsavat hökümətinə Tiflisdə sığınacaq veriblər və onlar orada fəaliyyət göstərirlər(3,s 37).

    Faktlara əsasən demək olar ki, milli liderlər Azərbaycan ərazisində zərərsizləşdirilməli idi. Amma  onların bir çoxu müxtəlif yollarla qurtulmuş Tiflisdə sığınacaq bulmuşdular. Bolşevik hakimiyyətini ifşa edir, bir sıra dövlətlərdən yardım istəyirdilər. Azərbaycan istiqlalının yenidən bərpası məsələsi gündəmə gəlirdi. Faktlar onu göstərir ki, Azərbaycan Cümhuriyyəti işğal olunduqdan sonra bir sıra siyasi qətllərin arxasında Bolşeviklər dayanırdı. Bütün bu sifarişli qətllərlə onlar özlərinə qarşı təhlükələri önləmək fikrində idilər.

    Həsən bəy Ağayevin Tiflisdə qətlə yetirilməsi, sonrada izi itirmək üçün bolşeviklərin bu hadisə ilə bağlı uydurduqları yalanlar bu qətlin arxasında Sovet hakimiyyətinin dayandığı ehtimallarını artırır. Nə onun ailəsi bu yalanlarla razılaşır nədə ki, bu yalanlar faktlarla səsləşir.  Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Həsən bəyin qətlidən sonra Tiflisə gedir və ora çatanda artıq Həsən bəyin 7-sinidə veriblərmiş. Xədicə xanıma Həsən bəyin qaldığı, yaxın münasibətdə olduğu Gürcü ailəsi qətl zamanı o sarsıdıcı səhnəni danışıblarmış. Onların dediyinə görə iyulun 19-da axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, yaxın dostlarından bir neçəsi burada bir evdə yığışıblar, səni görmək istəyirlər. Həsən bəy qalxır kostyumunu geyməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir. Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki səni görmək istəyir, gəlsin bizə”

    Həsən bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”

    Mustafa Mərdanov da onları arxayın edir ki, narahat olmayın, necə aparıram, elədə qaytarıb gətirəcəyəm.

    İki saat keçir.

    Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır.

    Qapının çalınması ilə güllənin açılması bir olur.

    Yüyürürlər qapıya.

    Baxırlar ki, nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə.

    Kürəyindən dəyən güllə sinəsini dağıdıb çıxıb( 7,s 254).

    Sonradan Xədicə xanıma bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş.  İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır ki, Həsən bəyi qətlə yetirən ermənilərdir ( 7,s 256).

    Mustafa Mərdanov öz xatirələrində qeyd edir ki, 1920-ci ilin iyun ayında xüsusi missiya ilə Tiflisdə olub. Həmçinin qeyd edir ki, Gürcüstanda gizli çalışan kommnist fəalları ilə görüşməli idim. O hətta həbs olunub və Fətəli Xan Xoylunun güllələnməsində ittiham olunurmuş (5,s 37-39).

    Hər iki qətl hadisəsində maraqlıdır ki, aktyor Mustafa Mərdanovun adı hallanır. Ehtimal etmək olar ki, bu  siyasi qətllər bir mərkəzdən idarə olunurdu( Əliheydər Qarayev tərəfindən. C.N). Mustafa Mərdanov icraçı olmasada vasitəçi kimi bu işlərdə fəal iştirak edib. Özünündə qeyd etdiyi kimi xüsusi missiya ilə Tiflisdə olub.

    Fətəli Xan Xoylunun və Həsən bəy Ağayevin Tiflisdə qətlə yetirilməsinin az-çox təfsilatı məlumdur. Nəsib bəy Yusifbəylinin Gürcüstana keçməsi və orada olması ilə bağlı, qətli ilə bağlı ciddi bir fakt mövcud deyil. Ümumiyyətcə nə Gəncədəki qohumlarına, nədə ki, Şəfiqə xanıma orada olması ilə bağlı heç bir məktub yazmayıb, xəbərdarlıq etməyib. Məhəmməd Əmin Rəsulzadənin Siqnax qəzasındakı qətlə yetirilməsi ilə bağlı ehtimalı nə dərəcədə həqiqəti əks etdirir bu düşündürücüdür. 

Rəsulzadənin bu məlumatı həqiqətdirmi,  bu haqqda söz demək çətindir. Amma maraqlı bir məqam var ki, mərhum jurnalist araşdırmacımız Hafiz Sadiq “Rəisül-Vükalə Nəsib bəy Yusifbəylinin şəhid edilməsi” məqaləsində qeyd edir ki, Nəsib bəyin uğursuz bu səfərində ona yoldaşlıq edən Yusif İbrahimli Yevlaxdan Gürcüstana gəlməyə müvəffəq olmuşdu. Lakin onuda Gürcüstanın Sığnaq şəhərində Bakıdan göndərilən bolşevik xəfiyyəsi şəhid etmişdi(8,s 16). Ola bilərmi ki, Sığnaq qəzasında tək Yusif İbrahimli qətlə yetirilsin ? Onunla Nəsib bəyin yol yoldaşı olması bir çox şəxsə məlum idi. Ehtimal ki, Yusif İbrahimlinin qətl yerinə görə Nəsib bəyində qətl yeri ora göstərilir.

    Bolşeviklər əllərinə keçirə bildikləri Azərbaycan Cümhuriyyəti liderlərini, hərbiçilərini saxta hüquqi əsas verərək açıq şəkildə güllələyir, əllərinə keçirə bilmədiklərinə gizli sui-qəsd planları qururdular. Həmid bəy Qaytabaşı, İbrahim Ağa Yusifov, Həbib bəy Səlimov, Murad Gəray Tlxas, Süleyman bəy Sulkeyeviç kimi hərbiçilərin, Məmmədbağır bəy Şeyxzamanlı, Murtuza Muxtarov, İsmayil Xan Ziyadxanlı kimi Parlament və keçmiş Duma üzvülərinin, Xudadat bəy Rəfibəyli, Rüstəm bəy Mirzəyev kimi məmurların güllələnməsi sadəcə anti-bolşevik zehniyyətə sahib olmalarına görə deyildi( 9,s 98-99). Yeni qurulmuş Sovet hakimiyyəti bunu məqsədyönlü şəkildə icra edirdi. Onlar 1918-ci ilin 28 mayına qədər Bolşeviklərin uğur yollarına sədlər yaratmış və yeni qurulmuş Sovet hakimiyyəti üçün təhlükə gördükləri şəxsləri sıradan çıxarırdılar. Gəncənin General Qubernatoru Xudadat bəy Rəfibəylinin 1920-ci ilin 12 mayında həbs edilib Bakıya aparılaraq Nargin adasında güllələnməsi Sovet liderlərinin ona qarşı nifrət və qorxularından qaynaqlanırdı. Ona görə ki, 1918-ci ilin yanvar ayının əvvələrində Şəmkir stansiyasında Şərq cəbhəsindən qayıdan Rus ordusunun tərksilah edilməsinə Xudadat bəy Rəfibəyli rəhbərlik edirdi. Həmin uğurlu əməliyat nəticəsində çoxlu sayda silah-sursat əldə edildi, zəif olan milli ordu hissələrinin ixtiyarına verildi. Bu silahlar milli qüvvələrin ayaqda qalması üçün ən böyük dəstək idi. Həmçinin Bakını əldə saxlayan Bolşeviklərə qarşı mübarizədə bu silahların xüsusi rolu oldu. Bolşeviklər bunu unutmamışdılar, Xudadat bəyi güllələməklə həm qisaslarını almışlar, həmdəki, belə bir təcrübəli adamdan gələ biləcək təhlükələri önləmişdilər. Bir düşünün ki, Gəncə üsyanı zamanı Xudadat bəy Rəfibəyli sağ ola idi və bunun nəticələri nə ola bilərdi. 1918-ci ilin 18-22 martında Şamaxıda dinc müsəlmanlara divan tutan Bolşevik-daşnakların üzərinə getmiş İsmayıl xan Ziyadxanlının güllələn­məsidə nifrət və qorxudan qaynaqlanırdı. Stepan Şamuyan İsmayıl xan Ziyadxanlını Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı( 10,s 162-163). Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə İdarəsinin rəisi Məmmədbağır bəy Şeyxzamanlının güllələnməsi isə qardaşı Nağı bəy Şeyxzamanlı ilə birlikdə Bolşeviklərə qarşı apardıqları uğurlu əməliyyatlardan qaynaq­lanırdı. Nağı bəyi tuta bilməsələrdə, Məmmədbağır bəyi güllələməklə çirkin qisaslarını almışlar. (4,s 135). Azərbaycan Cümhu­riyyəti Bakı şəhər Polismeysteri Rüstəm bəy Mirzə­yevin qətlə yetirilməsi isə inqlabçı Əli Bayramovun məlum qətl hadisəsindən doğurdu. Onlar düşünürdü ki, bu qətli Baki polisinin rəhbərliyi həyata keçirib. Parlamentin üzvü Murtuza Muxtarov isə Bakıda Bolşeviklərə ilk güllə atanlardan idi(4,s 144).

    Gördüyümüz kimi Tiflisdə olduğu kimi Bakıdada yeni qurulmuş Sovet hakimiyyəti Azərbaycan milli hökümətinin təmsilçilərinə başqa formada divan tutur, qisas alır, öz nəzərlərində təhlükələri önləyirdilər. Əlbəttə bu qeyd etdiklərim bir başa Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı hadisələr deyil amma qətlin sifarişinin haradan gəldiyi, hansı məqsəd daşıdığı istiqamətində köməkçi izah kimi çıxış edir. Məlumdur ki, Nəsib bəy Bakıdan Tiflisə getməli idi. Onun Tiflisdə olması, orada fəaliyyəti sovet hakimiyyətinə sərf etmirdi. Təsəvvür edin ki, Fətəli Xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli və Nəsib bəy Yusifbəyli Tiflisdədir. Hansi ki, onlar Azərbaycan Cümhuriy­yətinin qorunması uğrunda mübarizədə radikal qanadın təmsilçiləri idilər. Bolşeviklərə, Sovet hakimiyyətinə qarşı xüsusi nifrətləri ilə seçilirdilər. Həmçinin Gürcüstanda menşevik hakimiyyəti fəaliyyət göstərirdi və Azərbaycan milli hökümətinin təmsil­çilərinin onlarla birləşməsi Qafqazda Sovet hakimiy­yətinin genişlənməsinə qarşı böyük sədd ola bilərdi.  Sovet hakimiyyəti sui-qəsdlər, qətllər təşkil edərək bu şəxsləri zərərsizləşdirmək yolunu seçmişdi.

    Hörmətli araşdırmacımız Rafael Hüseyinovda bu qətllər prosesi ilə bağlı maraqlı məntiq ortaya qoyub. Belə ki, bolşeviklər gələn kimi böyük milli güc bildiklərinin hamısını hazır siyahılarla dərhal aradan götürüblər.

    Xudadat bəy onlardan biri idi.

    Həsən bəy Ağayev onlardan biri idi.

    Fətəli xan Xoylu onlardan biri idi.

    Nəsib bəy Yusifbəyli onlardan biri idi.

    Behbud xan Cavanşir bunlardan biri idi.

    Və çoxları....

    Heç bir səhvdən söhbət gedə bilməz.

    Bu qətllər labüd idi(11,s 225).

    Məlum məsələ idi ki, Gürcüstanda Azərbaycan milli hökümətinin təmsilçiləri ilə Gürcüstan höküməti təmsilçiləri Qafqazda anti-bolşevik hərakata təkan versə idilər bu Sovetlər üçün heçdə yaxşı olmayacaqdı. Hansı ki, Gürcüstan silahlı qüvvələrinin baş koman­danı general Giorgi Kvinitadze bolşevikləri bütün Zaqafqaziyadan qovmaq məqsədi ilə hücuma keçməyi planlaşdırırdı(3,s 39). Hər iki tərəfdə anti-bolşevik meyllər yüksək səviyyədə idi. Gürcüstan may ayının 7-də Sovet Rusiyası tərəfindən tanınmağı ilə özünü rahat hiss etməyə başladı, Noy Jordaniya höküməti təhlükə­nin sovuşduğunu zənn edirdi. Yanılmışdı. İsti-isti mübarizə getsə idi, uğurlu nəticə alına bilərdi. Sovetlər müqaviləylə Gürcüstanı birtərəf etməklə, Azərbaycan milli siyasi rəhbərliyini isə terror və siyasi qətllərlə Qafqazda formalaşmaqda olan böyük anti-sovet, anti-bolşevik əhval-ruhiyyəni məhv etmək istiqamətində böyük uğura imza atdı.

    Azərbaycan milli siyasi rəhbərliyi  müstəqilliyin könüllü şəkildə təhvil verilməsi və mübarizədən geri çəkilməyin tərəfdarı deyildilər. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli barışmaz, ipə-sapa yatmaz, hiyləyə, yalana aldadılabilməz olduqları üçün bolşeviklər yurdumuza qədəm basar-basmaz dərhal məhv edildilər. Bolşevik­lər bu qəbil düşmənlərinə mühacirət etməyə də imkan vermirdilər. Bu sayaq yenilməzləri, sınmazları hətta mühacirət etməyə imkan tapırdılarsa, oralarda qətlə yetirməyə nail olurdular (11,s 19).

    Araşdırma və təhlillərimizə əsasən Nəsib bəy Yusifbəylinində bolşeviklər, Sovet hakimiyyəti tərəfin­dən qətlə yetirilməsi məntiqinin üzərində dayanırıq. Hafiz Sadiq (8,s 15), Ədalət Tahirzadə (12,s 327-328) və Rafael Hüseyinovda(11,s 19) bu mövqeydən çıxış edirlər. Tutarlı və daha məntiqəuyğun faktlar bunu deyir.

    Nəsib bəy Yusifbəylinin qətlə yetirildiyi yer daha çox mübahisə doğurur. M.Ə.Rəsulzadənin Gürcüstan Siqnax qəzası versiyası, Şəfiqə xanım Qaspıralının Kürdəmir versiyası, yoxsa Nağı bəy Şeyxzamanlının Ərəş qəzası(4,s 169) versiyasımı doğrudur ? 

    M.Ə.Rəsulzadənin Siqnax qəzasında Nəsib bəyin qətlə yetirilməsi versiyası haradan qaynaqlandığı fakt olaraq əlimizdə mövcud deyil. Araşdırmacılar ehtimal edir ki, ola bilər ki, bu məlumatı Rəsulzadə mühacirət­də Gürcüstanın mühacir siyasi rəhbərliyindən ala bilərdi ( 5,s 41). Bu faktda sadəcə Türkiyədə çıxmış “ Azərbaycan Türk Kültür Dərgisində” Azərbaycan Kültür Dərnəyinə rəhbərlik etmiş Feyzi Aküzüm istinad edir (14,s 11).M.Ə.Rəsulzadəni şəxsən görmüş və gəncliyindən onunla birlikdə çalışmış Feyzi Aküzümdə bu məlumatın haradan qaynaqlandığını qeyd etməyib. Əvvəlcə qeyd etdiyimiz kimi Nəsib bəyin Gürcüstana keçməsi, orada olması haqqında nə onun ailəsində, yaxınlarında, nədə ki, Azərbaycan Cümhuriyyəti liderlərində bir məlumat olub.

    Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım Qaspıralı Kürdəmir versiyasının, Gəncədəki yaxınları isə Yevlax( Ərəş qəzası)versiyasının üzərində dayanıblar. Hafiz Sadiqin məlum məqaləsində Nəsib bəy Yusifbəylinin bacısı Xanım Cuvarlının oğlu Akademik Çingiz Cuvarlının (8,s 15), Nəsib bəyin digər bacısı Dilşad Xasməmmədlinin nəvəsi Azər Abdullayevin (13,s 84 ) məlumatlarında onun öldürülərək Kür çayına atıldığını qeyd edirlər. Nağı bəy Şeyxzamanlıda “Dərdləşmə” kitabçasında Nəsib bəyin qətlə yetirilmə yerini Ərəş qəzası göstərir.

    Bütün bu fakt və məlumatları əlaqələndirərək Nəsib bəy Yusifbəylinin Kürdəmirlə Yevlax arasında məqsədli şəkildə yeni qurulmuş Sovet hakimiyyəti casus şəbəkəsi tərəfindən qətlə yetirildiyini əsas tuturuq. Sovet hakimiyyəti Bakıda Xudadat bəy Rəfibəylini, Tiflisdə Fətəli Xan Xoylunu, Həsən bəy Ağayevi, Xəlil bəy Xasməmmədlini hansı məqsədlə güllələmişdisə, Nəsib bəyin müammalı qətli heç şübhəsiz bundan kənarda deyil.

   

 

Ədəbiyyat:

 

1.Şəngül Hablemitoğlu, Nəcib Hablemitoğlu “Şəfiqə Qaspıralı və Rusiyada Türk qadın hərəkatı( 1893-1920)”, Ankara, 1998.

2.“Odlu Yurt” dərgisi, № 3, İstanbul, 1929.

3.Giorgi Mamulia, Ramiz Abutalıbov “Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015.

4.Nağı Şeyxzamanlı “Xatirələrim”, Bakı, 2004.

5.Nazif Qəhramanlı “ Nəsib bəy nümunəsi”, Bakı, 2008.

6.Cəmil Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti(1920-1939), Bakı, 2012.

7.Rafael Hüseyinov “Millətin Zərrəsi”, Bakı, 2001.

8.“Azərbaycan Türk Kültür Dərgisi”, Ankara, 1995, say: 303

9.M.Ə.Rəsulzadə, “Azərbaycan Cümhuriyyəti”, Bakı, 1990.

10.Ənvər Çingizoğlu, “Ziyadoğlu-Qacarlar ( Ziyad­xanovlar), Bakı, 2017.

11.Rafael Hüseyinov “Yurdun adındakı can”, Bakı, 2010.

12.“ Fikir və Əməl böyüklərimiz” Bakı, 2014.

13İbrahim Süslü “Azərbaycan siyasi tarixində Nəsib bəy Yusifbəyli (1881-1920), Bakı, 2017.

14. “Azərbaycan Türk Kültür Dərgisi”  say: 234, Ankara, 1980.  

 

Hiç yorum yok:

Yorum Gönder